Babaların ən Pünhanı
Babaların ən Pünhanı
Baba Pünhan "Günəbaxan" adamdır. Adam var ayağa baxır, adam var ələ baxır, adam
da var başa... Bu kişi günə baxır. Və baxdığını görür... Bu dünyada baxdığını
görməkdən pis heç nə yoxdur. Bunu mən bilirəm...
Baba Pünhan şairdir, şer yazan deyil. Onun yazdıqlarında ağrı var, onun yazıları
ağrayır.
Baba Pünhanın səsi də var, amma o oxumur, səsini ucaldır ki, hamı o deyənləri
eşidib, özü üçün bir nəticə çıxarsın. Onu heç kim eşitmir...
Baba Pünhanın ürəyinə bıçaq dəyib. İndi də, əvvəl də onun ürəyi yaralı idi. Onun
ürəyində hər şey var. Şırım da "şram" da. Mənə elə gəlir ki, bir gün Babanın
ürəyindəki şırımda gül bitəcək... Və bu gülün qoxusu düzü-dünyanı tutacaq. Hamı
deyəcək ki, "buna baxın"", ""buna baxın" Babanın ürəyi çiçəklədi... Nə yaxşı
olar...
Amma hələ ki, hər zad pisdir. Və bu pisi görən Baba Pünhanın sirri aşkardır.
Baba sirri gizlədib, pünhanı aşkar edəndir. Məqamı aşkar olub, gözə görünməyən,
əməli sözündən kasıb indikilərin arasında bilirsiniz nə çətindir, pünhan olanı
aşkar eləmək?
Əsil söz "aysberq" kimidir. Dibi özündən çox dərindədir. Baba sözü əyilib dibdən
çıxarır. Ona görə də onun sözü təzə-tər, soyuq və şirindir. Bu sözü qaba töküb
içmək də olar, biri-birinə hədiyyə eləmək də...
Bizim Baba sözü, daş oynadan daşını oynadan kimi oynadır. Bizim Baba sözdən
çəpər hörür. Onun söz evi möhkəmdir, gözəldir. Şəxsən mən bu evdə böyük
arxayınlıqla yaşayardım. Amma Baba Pünhanın söz evi yaşamaq üçün deyil, əksinə
yaşamamaq üçündür. Çünki Baba irfanı, dərgahı və təcəllanı qoyub, Sabirdən gələn
təəssüflə ilk öncə xalqını və insanını düşünür...
Amma Baba Pünhan insandan yazsa da sosial deyil. İronik də deyil. O, gülüşün
ağlayan yerindən, ağlayanın gülən yerindən gələn bəndədir. Şer taxtında oturub,
bəndeyi-bəndaləri suçlayan xandır. Onun səltənətində pis heç nə yoxdur. Çünki bu
xanlığın sözü ədalətlidir. Şairin hökmdardan üstünlüyü də elə budur. Onun
yaratdığı dünyaya heç bir hökmdar girə bilməz, buna bu hökmdarın ədaləti çatmaz.
Babanın şerlərində xilas anı "axır zaman imamla", bu günün xilası öz
mənliyimizlə səciyyələnir.
Baba Azərbaycanın özünü və biz qəribə "Azərbaycanlıları" çox sevir. O bu düzümü
yazanı da, pozanı da görür.
Babadan yaxşı "qarovulçu" çıxardı. Onun sevmədiyi bircə mərəz var. Qeyri
səmimilik və yalan.
Baba Pünhan silahdır, atır. Bir gün işdir-şayət, kim isə onunla oynamaq istəsə,
atar, yəni açıla bilər.
Azərbaycan Baba Pünhanındır. Çünki Baba Pünhan Azərbaycanındır.
Şer onun mənəvi dəstəmazıdır. Onun adı həm həcidir, həm Babadır. Amma bütün bu
adlar hələ tam Baba Pünhan deyil. Çünki ad hələ insanın özü deyil. Adı əməl ad
eləyir.
Baba iş adamıdır. Onun işi şer yazmaqdır. O bu şeri yazır. Bizim işimiz isə bu
şeri qanmaqdır... Görəsən biz bu şerləri qana bilirikmi?
Hacı Orxan Fikrətoğlu
20 iyun, 2002