Baba Pünhan. Yalan çeyniyə - çeyniyə
HUMANİST XANIM
Bir kişi, yubkasının qabağında və
arxasında çox biabırçı razrezi olan xanıma yaxınlaşıb onu pərt eləmək məqsədilə
deyir:
- Xanım, yubkanızın qabağındakı razrezi başa düşdüm, amma arxasındakını yox.
- Bəs daldakılar adam deyil?
FƏRQ
-Ağ neftlə qara neftdə nə fərq var?
-Ağ neft butulkalarla satılır, qara neft kəmərlərlə.
HAMAM OLMASIN, KÜÇƏ
OLSUN
Qədimlərdə oğlan üçün qızı hamamda
bəyənər-dilər, onun hər bir əzasının yerli-yerində olduğuna arxayın olmaq üçün.
Deyirəm, şükürlər olsun ki, hamamların, saunaların belə bahalı vaxtında bir çox
gələcək qayınanalar indi elə küçədə, metroda, avtobusda qız seçmək imkanına
malik olublar. Lap qödim dövrdəkindən də artıq. Çünki o vaxt, "fitə" ilə
çimdiklərindən çox yerlərini görə bilmirdilər. İndi maşallah, ürəklərindən başqa
hər yerləri görsənir.
PARODİYALAR
(Küçələrə su səpmişəm)
Ürəklərə xof səpmişəm,
Özgəsində göz olmasın.
Seçkilərdə dil kəsmişəm
Aralıqda söz olmasın.
(İrvanda xal qalmadı)
-Bakıda heç yer qalmadı
Bu ev nə evdir belə tikdirmisən?
De görüm nə evdir belə tikdirmisən?
- Yer mənim, göy mənim, ixtiyar mənim
Babam deyib mən belə tikdirmişəm
Əcəb eləyib mən belə tikdirmişəm
MƏNTİQİ NƏTİCƏ
Bir qadın varlanmaq məqsədi ilə
ingilisə ərə gedir. İstədiyi baş tutmadığından bir neçə aydan sonra boşanıb,
almana gedir. Yenə işi düz gətirmir deyən, ayrılır. Axırıncı dəfə zənciyə ərə
gedib boşananda, məhkəmədə hirslənərək belə deyir:
- Əşşi, kişinin ağına da lənət, qarasına da!
TARİX TƏKRAR OLUR
1905-ci il
Allahverdi səngərdən başını çıxarıb:
- Ara de görüm, hansı kənddənsən?
İmamverdi:
-Mən Tuğ kəndindənəm, bəs sən?
-Ay kişi, elə mən də həmin kənddənəm ki,
- Adə Allahverdi,
- Ara İmamverdi.
1999-ci il
Allahverdi Yerevandan Bakıya zəng
edir:
-Allo, İmamverdi sənsən?
İmamverdi: - hə mənəm. Xeyir ola kirvə, sözün, qulluğun?
-Ara, İmamverdi, özünkülərə de ki, benzinə bu qədər qaz qatmasınpar. Axı
maşınlarımız tırta-pırta eləyir.
TƏBRİKLƏR
Hörmətli məmur dostum! Böyük məbləğdə
rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin
torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu
münasibatlə təbrik edirəm.
***
Əziz dost! Bilirdim işə girmək
üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə
"İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını
qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox
sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin
tamam-kamal düzələrdi.
UNİVERMAQDA QATAR
Bir nəfər Mərkəzi Univermaqda camaatın
get-gəl yerində 15-20 dəqiqə o yan-bu yana baxa-baxa dayanandan sonra deyir:
-Pah atonnan, bu zəhrimar harda qaldı görəsən?
Yanındakılardan biri:
-Əmi, nə harda qaldı?
-Əşşi, qatarı deyirəm də.
-Nə qatar, bura metro deyil, univermaqdı.
Kişi ətrafda asılan pal-paltarlara məəttəl-məəttəl baxıb:
-Əşşi, mən dünən də belə bir yerdə dayanmışdım. Qatar gəldi axı?
YANIQ KƏRƏMİ
Bir azərbaycanlının evinə Uraldan
qonaq gəlir. Onlar yeyib içə-içə televizora baxırlar. Bu zaman Ədalət Nəsibov
sazda "Yanıq Kərəm"i çalmağa başlayır. Onun çaldığı alət rusa tanış kəlir. O
soruşur:
-Eto çto za instrument?
Rusca yaxşı bilməyən ev yiyəsi:
-Brat, eto balalaykin otes.
-A çto za melodiya?
-Pojarnıy Kərəm.
İŞ MƏHKƏMƏLİK OLACAQ
Son zamanlar qəzetlər elə şeylər
yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir, iqtidarda elə adamlar var
ki, müxalifətə "işləyir". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara
"işləyir". Bu yaxınlarda isə qəttəzə bir şey oxumuşam. Yazır guya iqtidarda elə
adamlar var ki, xalqa işləyir. Elə o gündən bütün məmurlar bir-birinə dəyib
həmən adamları axtarırlar...
AĞCİYƏRLƏR
Vallah, bu millətin belə qorxaq
olduğunu bilmirdim. Əşi, işıqçıdan qorxurlar, qazçıdan qorxurlar, zibil pulu
yığandan qorxurlar... Deyirəm, Allah eləməsin, erməni gəlsə neynərlər?
DİALOQ NƏDİR
-Deyirlər, iqtidarla müxalifət dialoqa
gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?
-Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
DOYAN BU RƏHMƏTLİK
KİMİ OLAR
Neçə ildir ki, yan-yörəmi tikirlər.
Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə
qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər
danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer
verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram.
Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın
olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma
gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər
həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun
başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir
yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin
üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək
istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma
danışmırdım.
Söhbətin bir yerində dözə bilməyib
qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?".
O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə
çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır.
Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran
taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər,
gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar.
Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.
Birdən hiss eləyir ki, fısıltının biri
kəsildi. Dönüb baxanda, mollalardan birinin yeməkdən qarnının partlayıb öldüyünü
görür. Faytonçu heç nə deməyib yoluna davam eləyir. O biri molla toxluqdan xumarlana-xumarlana göyləri seyr
edincə, gözünə görünən parlaq bir ulduzu pəncərədən gələn işıq zənn edib
faytonçuya deyir ki, deyəsən, yas yeri var, tez ol sür ora. Faytonçu gülüb
soruşur: "Ay molla əmi, doymadın, bəyəm". O da qayıdıb yanındakını göstərir:
"Doyan bu rəhmətlik kimi olar". Və mənim qonşum bu məsəli çəkib, başına daş
düşüb öləni göstərir.
SUAL-CAVAB
- Fransız qızları ilə azəri qızlarının
geydiyi yubkalarda fərq nədədi?
- Fransız qızları razrezli yubkalar geyir, azəri qızları isə yubkasız razrezlər.
***
- Azərbaycanda rüşvəti və korrupsiyanı
qaydaya salmaq olarmı?
- Qaydaya deyə bilmərəm, amma qanuna salmaq olar.
ARVAD EŞİDƏR
Həcc ziyarətindən qayıdan bir nəfərin
yanına dostu təbrikə gələndə ondan belə bir şey soruşur:
- Hacı, deyirlər orda Həcəri öpmək hər adama qismət olmur. Sən onu öpə bildinmi?
Hacı qorxa-qorxa o yan bu yana baxıb astadan deyir:
- Səs eləmə arvad eşidər.
AFYORİZMLƏR
Qəribədir, əvvələr özgəyə quyu
qazıyanda özün düşürdün, indi isə özgəyə quyu qazıyanda həm neft çıxır, həm də
ora özgəsi düşür.
***
"Çıraq" öz dibinə işıq salmaz, amma
okeanın o tayına salar.
***
Bazar insan həyatıdır, həyat isə insan
bazarı.
***
Qeyri müsəlmanlar dünyaya lüt gəlir
geyimli gedir. Bizimkilər isə lüt gəlir, lüt ömür sürür, lüt də gedir.
ELANLAR
Ailəmi dolandıra bilmədiyimdən arvadın
yanında keyfiyyətimi itirmişəm.
***
Millət vəkiliyəm. Seçildiyim gündən
yalnız öz şəxsi mənafeyimi güddüyümdən seçicilər arasında etibarımı itirmişəm.
***
Qarabağ müharibəsində fürsətdön
istifadə edərək qonşularımın evini yarıb, Bakıya qaçan gündən vicdanımı
itirmişəm.
REALLIQ
Pribaltika ölkələrinin birində Maliyyə
Nazirliyinin bütün otaqlarına kameralar qoyulub. İstədəyin an kimin otağında nə
baş verir, nə danışılır, internet vasitəsilə seyr etmək olar.
(Q.İ.Q)