Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Yalan çeyniyə - çeyniyə

YALAN ÇEYNİYƏ-ÇEYNİYƏ ÇILPAQ DİZİMİZDƏN
YADIMDAN ÇIXIB GƏLSƏ QİYAMƏT, AY ATA

MÜSTƏQİL OLMUŞLARIQ

YAXŞIDI Kİ, YAXŞIDI
SULTANIMIZDAN BEZMİŞİK NO... OLUB ALA?!
DƏYİŞSƏK, ƏGƏR ÜNVANIMIZI BİLMƏDİM SƏN BİLMİSƏN
EVDƏ OĞLAN QALMIŞIQ BU QƏLƏM QİYAM ÜÇÜNDÜR
QARABAĞ BOY! BOY! BOY! HAC HAVASINDA
SÖZDƏN QOPAR QİYAMƏTİMİZ MÜQƏVVA YERİYİR
URUS NEMESDÜ QƏRDEŞİM! BAKI
YÜZLƏRLƏ CAVANIM YOXDU YOĞUNLAR ARASINDA
QƏLBİ DƏ MƏŞƏLDƏN OLUR YARI AĞLAR, YARI YOX
QOCALMAZ HEÇ BİRİ AĞLAMA
MİLLİ ƏTLƏRİK ÇAR HƏMƏN ÇARDIR

ŞERLƏRİ

YALAN ÇEYNİYƏ-ÇEYNİYƏ

Yalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,
Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.

Tutub zəif damarımı, alıbdır ixtiyarımı,
Qoyub gözəl diyarımı talan çeyniyə-çeyniyə.

Silib-süpürdü düzləri, yeyib qutardı bizləri,
O yan çeyniyə-çeyniyə, bu yan çeyniyə-çeyniyə.

Bu ölkənin harınları doyunca ölmə eşşəyim,
Qoşul mənə vəkil seçək, saman çeyniyə-çeyniyə.

Baxıb ətə marıtdıyır, corabların yamatdıyır,
Az-TV-də şaqatdıyır, banan çeyniyə-çeyniyə,

Amerkanın tüpürdüyün, məqam tapıb at ağzına,
Fəxarət ilə barmağa dolan çeyniyə-çeyniyə.

Görüb bizi yeyinnəyib, ipin ucun düyünnəyib,
Bu torpağı peyinnəyib, İvan çeyniyə-çeyniyə.

Qoyun da inkişafdadı, çoban da inkişafdadı,
Qoyun göyşüyə-göyşüyə, çoban çeyniyə-çeyniyə.

Ata uzaq "kray"dadı, ana uçub Dubaydadı,
Tifillər ahu-vaydadı, güman çeyniyə-çeyniyə..

Necö deyim ki, çeynəmə, ayıbdı tulla saqqızı,
Əkər çalıbsa laylayın, anan çeyniyə-çeyniyə.

Ötən zamanla düşmanam, gələn Zamana qurbanam,
Zamanlar içrə pünhanam, yaman çeyniyə-çeyniyə.

Əgər ömür vəfa qıla, ölüncə çeynərəm səni,
Desinlər öldü Pünhana, ilan çeyniyə-çeyniyə.

22 aprel, 2000

ÇILPAQ DİZİMİZDƏN

Seçdiklərimiz fəndlə seçilmiş özümüzdən,
Ondandı ki, bivecləri qaçmış gözümüzdən.

Zahirlərimiz bəllidi parlaq boyamızdan,
Batinlərimiz yubkadakı razrezimizdən.

hər atdığımız addım əgər bir yalan isə,
Bir gün qara torpaq bezəcəkdir izimizdən.

Ey körpələriynən gəzib iş axtaran, afət!
Bizlərdə hər iş asılıdır çılpaq dizimizdən.

Bu, milli hərislik ilə göz onda doyar ki,
Hazırlana tabut bizə mənsəb işimizdən.

Çoxüzlü fiqurlarla dolu həndəsəyik biz,
Yüz cür teorem yazmaq olar hər üzümüzdən.

Əsdikcə bu torpağa külək Kərbübəladan,
Sərkərdələr hasil olacaq "aciz"imizdən..

Fironluq ilə xalqa xeyir gəlməz, əzizim,
heç vaxt özümüzdən, nə də ki, varisimizdən.

Yozsan da deyilmişləri min bir yerə, Pünhan,
haqdan savayı heç nə alınmaz sözümüzdən.

12 may, 2000

YADIMDAN ÇIXIB

Millətimin halı yadımdan çıxıb,
Qəm oxuyan valı yadımdan çıxıb.

Yaxşı güzaranlısı dövrəmdədi,
Fağırı, hambalı yadımdan çıxıb.

Bağlı Qobustanda günahsızların,
Zənciri, qandalı yadımdan çıxıb.

Türkü ərəb musiqisin dinlərəm,
Tarımın üzzalı yadımdan çıxıb.

Qızlarımız uydu göbək rəqsinə,
Ay nənə "Vağzal"ı yadımdan çıxıb.

"Polka"ları indi "banan"lar tutub,
Bağdakı şaftalı yadımdan çıxıb.

"Boka" bizimçün elə bir iz qoyub,
hacbabanın xalı yadımdan çıxıb.

"Yevromid"ə ta qoşulandan bəri,
Azəri siqnalı yadımdan çıxıb.

Kəsmə şikəstə oxuyun ağlayım,
Çünki şikəst halı yadımdan çıxıb.

Göz yaşımı silməyə yoxdur əlim,
Sanma ki, dəsmal yadımdan çıxıb.

Nəslim üçün çox qabağı görmüşəm,
Çox qabağın dalı yadımdan çıxıb.

Göydə Əliynən vuruşan İblisin,
Yerdəki timsalı yadımdan çıxıb.

Pünhan, hədəf etdiyin insanların,
Sonrakı əhvalı yadımdan çıxıb.

4 iyul, 2000

GƏLSƏ QİYAMƏT, AY ATA

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan, bu xəyanət, ay ata.

hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

16 sentyabr 2000

MÜSTƏQİL OLMUŞLARIQ

Kim nə çalsa çırtma vurmaqçün təbil olmuşlarıq,
Sivri dırnaqlar içində müstəqil olmuşlarıq.

Biz nə qaçqın, biz nə köçgün, biz nə sərgərdanlarıq,
Biz gədanı şah görüb, dərddən səfil olmuşlarıq.

Siz girəndə bir qoşa zənbil ilə hər gün evə,
Bizsə boş ciblərlə arvaddan xəcil olmuşlarıq.

Pambıq ilə baş kəsəndə söylədim kimsiz - dedi,
Lənətullahi - Yezidlə bir nəsil olmuşlarıq.

Siz paradan doymayan bir naşükür məxluqsunuz,
Biz parasızlıqdan illərlə zəlil olmuşlarıq.

Baxma gəl ümmid dolu gözlərlə, ey xəlqim, mənə
Guya bilmirsən nə yollarnan vəkil olmuşlarıq?

Əcnəbini əllər üstə gəzdirib fəxr eylərik,
Doğmaya əl tutmağa gəldikdə şil olmuşlarıq.

Bizlərə Pünhan əgər harın deyərsə haqqı var,
Çünki biz hər yerdə bu adnan dəlil olmuşlarıq.

9 iyul, 2000

YAXŞIDI Kİ, YAXŞIDI

Üz yumuşaq, ar ilə qeyrət zəif,
Bərk canımız yaxşıdı ki, yaxşıdı.

Cəmisi səkkizcə rayon satmışıq,
Vicdanımız yaxşıdı ki, yaxşıdı.

Azad olan çöldə çörək tapmayır,
Zindanımız yaxşıdı ki, yaxşıdı.

Qız soyunur yubkanı oğlan geyir,
Dövranımız yaxşıdı ki, yaxşıdı.

İndi də qırxır bizi türk berberi,
Qırxanımız yaxşıdı ki, yaxşıdı.

Qorxanımız çoxdu efirdən bizim,
Orxanımız yaxşıdı ki, yaxşıdı.

İllər ilə "Qulp"a mübariz çıxan,
Oğlanımız yaxşıdı ki, yaxşıdı.

Özgə yanından bizə təhlükə var,
Öz yanımız yaxşıdı ki, yaxşıdı.

Aşkarımız cümlə biabırçılıq,
Pünhanımız yaxşıdı ki, yaxşıdı.

18 iyun, 2000

SULTANIMIZDAN BEZMİŞİK

Qalmışıq evsiz-eşiksiz canımızdan bezmişik,
Üzmüşük torpaqdan əl, ünvanımızdan bezmişik.

Onki il diz qatlayıb yorğana sadiq qalmışıq,
İndi dizlər duzlanıb yorğanımızdan bezmişik.

Ta ki, ekranlarda lüt-üryanlara öyrəşmişik,
Biz hicab ilə gəzən cananımızdan bezmişik.

At bizi zindanə ki, zindan "payok"suz olmayır,
Bir "payok" tək paylanan şirvanımızdan bezmşpik.

İqtidarın ömrünü sistem yoluynan artıra,
Qan çıxardıb, qan vuran üsyanımızdan bezmişik.

Biz qəmin sultanı ikən qəm olub sultan bizə,
Qəddimizdən şam tutan sultanımızdan bezmişik.

Sorma, Pünhan, neyçün hərdən pul üçün alçalmışıq,
Ehtiyac üstün gəlib vicdanımızdan bezmişik.

31 may, 2000

NO... OLUB ALA?!

Qatmısan sən gənə də malı mala, no..olub ala?
Qazıyırsan ayağım altda çala, no.. .olub ala?

Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,
Qoymadın heç mənə bir metrə qala, no.. .olub ala?

Neçə ildir ki, imarətlə ticarətdir işin,
Getmisən sən qabağa, mən də dala, no.. .olub ala?

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,
Özün üzdün, məni saldın kanala, no.. .olub ala?

Dövri-zastoyda sən idin demə bar-bar bağıran,
hər qoyundan azı beş-altı bala, no.. .olub ala?

Gah atı, gah nalı, kah mıxı tərifləmisən,
Vurmusan gah mıxa, gah nala, no.. .olub ala?

Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə,
Gətirirsən öyüvə kündə "xala", no...olub ala?

İçəri şəhrimizin hər daşı bir tarixdir,
Çəkmisən tarixə importnu mala, no...olub ala?

Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,
Keçmisən indi cənubdan şimala, no...olub ala?

Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,
Al onu, sal adına, qoyma qala, no.. .olub ala?

Zamanın sahibi, Pünhan, bizi bir gün tutacaq,
Çəkəcək hammızı sorğu-suala, no.. .olub ala?

21 iyun, 2000

DƏYİŞSƏK, ƏGƏR ÜNVANIMIZI

Deyirəm ya soyunub göstərək üryanımızı,
Ya da ki, dar geyinib pırtdadaq hər yanımızı.

Bakının hər küçəsi sanki bir arvad hamamı,
Belə təmsil edirik ki, Azərbaycanımızı.

Bizə türkün gözü artıqdı, biz hazır "dönər"ik,
Sonra türkün sözü, peşkəş edərik canımızı.

Düzələrmi görəsən halı bu şirvanlıların,
Təzə pasportda dəyişsək əgər ünvanımızı.

harda bir came yapır tez ora dürtür "hoca"sın
Ki, İmamdan ayırıb döndərə imanımızı.

Edərəm canımı qurban mən o cərraha ki, o,
Bıçağı ilə kəsib doğraya vicdanımızı.

Bu şəhid Azərbaycanımızı dəfn eləyib,
Qara torpaqlar ilə vermişik ehsanımızı.

Milli Məclisdəki ustullara bizlər düzülüb,
Ora biz düşsək əgər, deşsin o biz yanımızı.

Dedilər ki, Baba Pünhan yenə meydan sulayır,
Sulayır ki, tozanaq tutmasın ekranımızı.

16 sentyabr, 2000

BİLMƏDİM SƏN BİLMİSƏN

Mən sənə biganə qaldım, bilmədim sən bilmisən,
Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.

Sən düşən gündən əsir mən də köç etdim Baküyə,
Bağçalı-bağlı ev aldım, bilmədim sən bilmisən.

Mən sənin qarşında görsənsəm də bir alçaq kimi,
Mənsəb aldıqcan ucaldım, bilmədim sən bilmisən.

Sən qızıl qızlıq itirməkdən saraldın gün kimi,
Mən qızıl yığdım saraldım bilmədim sən bilmisən.

Sən barışdıqcan səni məhv eyləyən taleh ilə,
Mən qarışdıqcan çoxaldım bilmədim sən bilmisən.

Ta ki, qıldım dərkini Pünhan, olub keçmişlərin,
Bir günə yüz il qocaldım, bilmədim sən bilmisən.

18 iyun, 2000

EVDƏ OĞLAN QALMIŞIQ

Biz fəna mülkün tutub təxtində sultan qalmışıq,
Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.

Bizdən övlad gözləyir illərdir ağbirçək ana,
Bizsə pulsuzluq üzündən evdə oğlan qalmışıq.

Kəndimizdən ta bizi düşmən didərgin eyləyib,
Özgələr kəndində fürsətlər tapıb xan qalmışıq.

Çox adam gördüm özüyçün sağ ikən gor tikdirib,
Bizsə iynəynən qazıb kor ömrə peşman qalmışıq.

Ta otuz min erməniynən qaynayıb dost olmuşuq,
Bax həmən gündən elə dost ilə düşman qalmışıq.

Biz atılmış bir təqaüd əhliyik, yol üstəyik,
Bir kəfən nəymiş ki, ondan ötrü yoldan qalmışıq.

Görməyincə haqqı, Pünhan, qıymasa Allah bizə,
Haqq enən günçün demək, biz haqqa qurban qalmışıq.

2 yanvar, 2000

BU QƏLƏM QİYAM ÜÇÜNDÜR

Bu qozun üzü gənəkdir - bu qoz üç badam üçündür,
Bu bizə tanış ritmdir, bu ritm avam üçündür.

Əl atan qolunda icra, qol atan əlində dərya,
Elə zənn edər ki, dünya iki-üç adam üçündür.

Gələcək axır bir insan, görəcək bizi lüt-üryan,
Deyəcək ki, ay müsəlman, bu geyim hamam üçündür.

O zaman o lənətullah, bu zaman bu lənətullah,
Biri zülmün ibtidası, o biri tamam üçündür.

Gecəni sabah olunca lal olub susan zəbanım,
Səhəri açan Xudaya verilən salam üçündür.

Bu könül kitabın, ey dost, oxu gör nələr var onda,
Oxu bir muğamın üstə bu kitab muğam üçündür.

Başuvı qaçırma, daşlar başuva yağa fələkdən,
Tərəzi-mizan günündə o da bir nizam üçündür.

Gedirəm bu haqq yolunda, gedirəm zəfər çalınca,
Bu qolum qələm olunca, bu qələm qiyam üçündür.

Hacı Pünhanın gözündən iki damla yaş süzüldü,
Dedi ki, biri hüseynçün, o biri anam üçündür.

4 avqust, 2000

QARABAĞ BOY! BOY! BOY!

Nə qədər mümkün olursa Vətəni soy, soy, soy,
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Bilirəm ac canavarsan, yeginən doy, doy, doy,
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Qarabağ "şapka"sın aldın, nə gəzirsən baş açıq?
Qarabağdan qara çıx.
Kişilikdən danışanda başına qoy, qoy, qoy,
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Qradın üstə çapırdım, mənə olmazdı çatan,
Kötüyüm Atrapatan.
Dedi Xan kəndinə sürmə qradı hoy, hoy, hoy,
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Qaragöz qızlarımız qaldı əsir oldu "ona"
O da göndərdi Cona.
Bu da burda oxuyur ki, qaragöz boy, boy, boy.
Qarabağ moy, moy, moy.
Qarabağ mooy, mooy.

Neçə yol erməni tapdım, yatıram türmədə mən,
Məni heç yoxdu görən.
Mənə xain dedi, alçaq kanavoy voy, voy, voy,
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Batıb ordun görürəm, ordumuzun əsgərisən,
Bir sümük, bir dərisən,
İrəli, marş irəli ağzını aç poy, poy, poy.
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Dubayı siğə edib Azərbaycan maralı,
Ata, qardaş yaralı.
Milli Məclis də yumub gözlərini oy, oy, oy.
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Baba toy tutdu qələmnən kimə, Pünhan, bilirəm,
Onu pünhan güdürəm.
Tutacaqdır o da bir gün Babaya toy, toy, toy.
Qarabağ boy, boy, boy.
Qarabağ mooy, mooy.

Z sentyabr, 1998

HAC HAVASINDA

Millət boğulurkən vətənin ac havasında,
Məmurlarımız yallı gedir tac havasında.

Avarə olan bircə o vaxt Rac Kapur idi,
İndi bütün ölkə dolanır Rac havasında.

Cansızları qansızlara tapşırma ki, onlar,
Fəryad səsini anlamaz hərrac havasında.

Kartof ye, kraxmallan özünçün dedi, qışda,
Yaz kəldi acından de Segah sac havasında.

Cib xərcləri üçün yığılan bac-xəraclar,
Bir gün kül olub sovrulacaq bac havasında.

Yəqin ki, amerkan buduna öyrəşən ölkə,
Buddan yeyib oynar onun ixrac havasında.

Pünhan ki, gedib Kəbədə Zəm-Zəm suyu içdi,
Söz gülşəni güllər açacaq Hac havasında.

SÖZDƏN QOPAR QİYAMƏTİMİZ

Zaman gələr açılar sirr olan cinayətimiz,
Açılsa qır qazanı olmaz heç kifayətimiz.

Yaxınlaşınca "o gün" qeyri-adilər çoxalar,
Yetincə Sahib əl Zaman çaşar cəmaətimiz.

O vəqtidən ki, Badu-Kubəmiz, dönərlə dolub,
O vəqtidən də möhürsüz olub ibadətimiz.

Gələndə Əzrayıl Xuda verən əmanət üçün,
Deyin hökumət alıb, bangdədir əmanətimiz.

Çadır vilayəti bizdə çadır şəhərciyidir,
Şəhərdə amma ki, hər villa bir vilayətimiz.

Səxavət ilə danışsaq da arü-qeyrətdən,
Xəyanət ilə düşüb tarixə hekayətimiz.

Təmami-şöhrət üçün bircə həccimiz çatmır,
Təmam olar bu məqsəd ilə həcc ziyarətimiz.

Əli ayağı dəyən Zülfüqar dayarında,
Kələkdən olsa küləkdən uçar imarətimiz.

Söz ilə, Pünhan, olubsa bu cahan xəlq əgər,
Qənaətimdi ki, sözdən qopar qiyamətimiz.

20 iyun, 2000

MÜQƏVVA YERİYİR

Yenə al - qırmızı ustullara rüsva yeriyir,
Yenə imzalar içində neçə fitva yeriyir.

Yenə beş il özünə zövqü səfa xatirinə
Dilənib mənsəb üçün bir ovuc icma yeriyir.

Bizə qol yox, bu qol üstündəki əl göydə gərək,
Göyə çatmırsa əli saxta bir imza yeriyir.

Özgənin xəttidi bu mən dedim - arsızca dedi,
Dəyişib köhnə hərif tazə əlifba yeriyir.

Yerdəkin göydəki seçməzsə nə lazım bu seçim,
Bəndənin seçdiyi bir canlı müqəvva yeriyir.

Bizdə yox kəlməsi çoxdandı ki, xofdan yox olun,
Biri "hə", o birisi "ha", bu birisi də "da" yeriyir.

Bahalı sırğa taxıb eldə fəxarət eləmə,
O qulaq sırğalıdır ki, ora məna yeriyir.

O təmah ilə ki, sahilləri zəbt eyləmisən,
Görcəksən ki, necə üstünə dərya yeriyir.

Veribən əl-ələ Sahiblə Zaman göydən enir,
Yol açır cənnətə, ilk Adəmü Həvva yeriyir.

Pünhanın sözləri haqdan yol alıb haqqa gedir,
Tutub o səmti rəvan ol hara misra yeriyir.

7 oktyabr, 2000

URUS NEMESDÜ QƏRDEŞİM!

Bizim qurum "mobil" nidü, əsası səsdü, qərdeşim,
Dinəndə "NO"du bilginən, susanda "ÜES"dü qərdeşim.

Kimi Vətən atır gedir, kimi bədən satır gedir,
Əkər pula abır gedir, həyat əbəsdü, qərdeşim.

O gün salıb çobanlığa, presdə söymüsən məni,
Cəmaətə əyan olub, pulun presdü qərdeşim.

Tökülməsəydi burda qan, alınmasaydı orda can,
Mən eyləməzdim heç güman urus nemesdü, qərdeşim.

Əlin əlimdən ayrıdır, dilin dilimdən ayrıdır,
Desəm odur ki, incimə kökün hayesdü, qərdeşim.

Ucaldı-qalxdı markası, əyildi-düşdü maskası,
Alen Delon dalında bu, Lui-Finesdü, qərdeşim.

Xeyir güdüb girib şora, zaman gələr düşər tora,
Vurar özün ora-bura, görər "ares"dü, qərdeşim.

Əlində vedrə durginən Conun önündə müntəzir,
Amerkana maşın yumaq, fəxrdü-çesdü, qərdeşim.

Gələndə can, gedəndə can, alanda can, verəndə can,
Kökündə "can" Azərbaycan "Pole Çudes"dü, qərdeşim.

Nə ağlına ümid elə, nə müəllimə, nə daydaya,
Cibindəkin at ortaya, bu mestni testü, qərdeşim.

Nə çıxmısan çolaq-çolaq, səhər-səhər yol üstünə,
Qazım vurub yıxar səni, bu mersedesdü, qərdeşim.

Zamana Sahibim gəlir, Zamana Şahidim gəlir,
Yalana qalibim gəlir, film konesdü, qərdeşim.

"İlişdi" çərxi-dövrana, büzüşdü düşdü yorğana,
Yarımca metrə Pünhana, kəfən də bəsdü, qərdeşim.

25 aprel, 2000

BAKI

Sentyabr gələni gündə tutur yası Bakı,
Bakı məktəblisinin yoxdur əlifbası Bakı.

Uzun ilpərdi bu xalq təhsilinin düz yolu yox,
həmən o köhnə hamam içrə qalıb tası Bakı.

Necə keçsin bu kişi dərsini qız xaylağına,
Razrezindön görünürsə onun ombası Bakı.

Dolların rəngi hopubsa deyirəm testə əkər,
Belə tezliklə təmizlənməz onun pası Bakı.

Kasıbın oğlu baxır bublikə həsrət-həsrət,
Məmurun oğlu basır bulkiyə kolbası Bakı.

Türk bir yana, meyl etmədəyik ingilisə,
Bu son illərdə olub şərqin amerkası Bakı.

Bakının torpağı ehsandı, məqamdır, gəl apar,
Sona çatdır ki, çalınsın onun halvası Bakı.

Özünə kim qazanıb gün, bizi salmış bu günə,
Qənim olsun ona qoy Həzrəti - Abbas Bakı.

Zamanın Sahiba Kubəmdə zühur eyləyəcək,
Bu zaman sirridi pünhandadı mənası Bakı.

10 sentyabr, 2000

YÜZLƏRLƏ CAVANIM YOXDU

Nə qədər toxlar arasında doyanım yoxdu,
Kasıbın doymağına zərrə kümanım yoxdu.

Seçilib mən də sənin tək yaşayardım rahət,
Nə pulum var, nə də arxamda təkanım yoxdu.

Düzmüsən''market"i parket kimi bu şəhrimə sən,
Bir fəqirəm, mənim heç çəkmə dükanımyoxdu.

Məni aç qoy, sora, su qiymətinə al evimi,
Pulu bas, "jek" də desin, küpçi-filanım yoxdu.

Doymasan qəbr evimi al, özümü at dənizə,
Yem olum naqqaya, onsuz da məkanım yoxdur.

Necə rahət yaşayırsan bu saraylarda, əgər,
Tuş olan gülləyə yüzlərlə cavanım yoxdu.

Mən ötən dəfə də seçdim səni, gördüm əcəba,
Nə qazım var, nə qazım üstə qazanım yoxdu.

Vətənindön qovulanlar arasında deyirəm,
Heç bizimtək belə sakitcə yatanım yoxdu.

Görmüşəm, haqq ilə, Pünhan, yuxuda təkbətəkəm,
Nə o yanım var, Əzizim, nə bu yanım uoxdu.

2 sentyabr, 2000

YOĞUNLAR ARASINDA

İllərlə ömür sürdük azğınlar arasında,
Doymaq sifəti yoxmuş quzğunlar arasında.

Bir vaxt vətən eşqiylə daim uçunan könlüm,
İndi uçulub qalmış uçqunlar arasında.

Öz yazdığı qanunu öz xeyrinə pozmuş kəs,
Axırda görər ismin pozğunlar arasında.

"Yoğunluğunuz" ta ki, ekranda əyan oldu,
Nazik kimi görsəndiz yoğunlar arasında.

Çöllərdə çadırlar yox, çöllərdə qəbirlərdir,
Onlar da itər bir gün çovğunlar arasında.

Bu, tazə seçilmişlər az sonra gəzər billah,
Dünyaya, mala, mülkə vurğunlar arasında.

Ya rəbb, Hacı Pünhanın al yorğun olan canın,
Yüngül elə yorğanın, yorğunlar arasında.

21 avqust, 2000

QƏLBİ DƏ MƏŞƏLDƏN OLUR

Bizdə hər bir işin "ispisok"u əvvəldən olur,
Sonra bu əvvəli bayraq kimi yüksəldən olur.

Kimə ki, xalq inanır üstünə bir xətt çəkilir,
Kimə ki, şübhə edir bax, o - "o cədvəldən" olur.

Başuva işdi qəfildən düşə daş qəm eləmə,
Başına daş düşənin başdaşı heykəldən olur.

Tutulandan sonra "şeş" xanəsi ta "dü"yə kimi,
Kasıbın "dü-yek"i "dü"süz "yek"i də əldən olur.

Əl açıb pay umanın mülkünü gördükdə ABŞ,
Baxır ikrahla üzü mat-məətəldən olur.

Bu elin cədvəli "vur, çıx, ya da böl" nən tutulur,
Özünün cədvəli əmma ki, "üstəgəl"dən olur

Pünhanın sözləri həm yandırır, həm şölə saçır,
Sözü şölə saçanın qəlbi də məşəldən olur

3 sentyabr, 2000.

YARI AĞLAR, YARI YOX

Oğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,
Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.

Haqqı təbliğ eyləyən yüzlərlə dindar görmüşəm,
Haqqa səs vermək gələndə yarı dindar, yarı yox.

Aldadan cahillərin icması quyruq bağlayıb,
Aldanan qafillərinsə yarı bimar, yarı yox.

Gün gələr göydən enər haqqın Zaman Səlnaməsi,
Eyləyər haqqın kitabın yarı inkar, yarı yox.

Bizdə hər bir şey yarımçıq olduğundan, ey qələm,
Yaz, yarımçıqlar içində yarı aşkar, yarı yox.

Gəlsə bir gün Əzrayıl bizdən əgər can almağa,
hansı üznən can verək ki, yarı can var yarı yox.

Hər özün düzgün sayan kəs haqq sözün etməz qəbul,
Ol səbəbdən Pünhan ölsə, yarı ağlar, yarı yox.

18 avqust, 2000

QOCALMAZ HEÇ BİRİ

Olmasa hal əhli ilə bil ki, qalmaz heç biri,
Qalmağından fayda olmaz, çünki olmaz heç biri.

Göz yaşı axdıqca insan damla-damla pak olar,
Rəhmi-Rəhmandan dolar göz, yoxsa dolmaz heç biri.

Qarə torpaq üstə cansız danələrdən ibrət al,
Haqqa can atmazsa, torpaqdan ucalmaz heç biri.

Sübh çıxanlar ruzi üçün ruzi tapmaz gün üçün,
Gün doğan sübhün namazın çünki qılmaz heç biri.

Bilsələr rüşvət alanlarçün, tiyan hazırlanır,
Qır yeyib şükr söyləyərlər rüşvət almaz heç biri.

Sirli bir dünya enir göylərdən Azərbaycana,
Bu, o dünyadır ki, əhlindən qocalmaz heç biri.

Məddahın söz bağçasından hər nə yığsan tez solar,
Pünhanın məna bağından dər ki, solmaz heç biri.

14 yanvar, 2000

AĞLAMA

Ağlama, sən ağlasan Pünhan da ağlar, ağlama,
Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.

Sanma qəm qəddim əyər, qəmdən ola qəddim əyər,
Haqq olan dünya qəmin çiynində saxlar ağlama.

Qəlbinə həkk söylədin hər kəlməmi nəqqaş kimi,
Od tutub indən belə yansa varağlar ağlama.

Qovdular bağbanı bağdan, düşdü bağ yad əllərə,
Gəlməsə bağban, gül açmaz təşnə bağlar ağlama.

Haqqı hifz etməkçün Allah tutdu üstün hicrəti,
Harda olsan bil səni qəlbim sorağlar ağlama.

Haqq nahaqdan ayrılan gün ruh da göylərdən qopar,
Yerdə öz cismin tapar haqdır o çağlar ağlama.

Bir zaman haqq yerdə imiş sonra qalxmış göylərə,
Bir də ensə aşiqiynən əhd bağlar ağlama.

Çox fəqirin qəm çırağı Pünhanın qəlbindədir,
Ağlasan qorxum odur sönsün çırağlar ağlama.

25 oktyabr, 2000

MİLLİ ƏTLƏRİK

Biz qovulduqca qaçıb mərddən dönən namərdlərik,
Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.

Keçmərik düşmən qoyan sərhəddi bir addım belə,
Amma sərhədlər içində xeyli bisərhədlərik.

Biz xüsusi işlərin hazır olan qurbanıyıq,
Biz ümumi dərdi çəkməkçün xüsusi fərdlərik.

Əhmədi-biqəmlərik ki, hər şeyə biganəyik,
Biz həqiqətlər yerə çırpan hacı əhmədlərik.

Biz həkimlərçün, müəllimlər üçün "şirvan"larıq,
Leyk şofer tayfasıyçün bir maşın "məmməd"lərik.

Biz əsir qızlarımız varkən yeyib-içməkdəyik,
Ölməli insan ikən zənn eylərik xoşbəxtlərik.

Sən bizə millət deyib, Pünhan, bizi xar eyləmə,
Milli aslanlarmız üçün, yağlı milli ətlərik.

15 fevral, 2000

ÇAR HƏMƏN ÇARDIR

Mən bilirəm çəkdiyin çar həmən çardır,
Yorma özün boş yerə kar həmən kardır.

Onda da sancıb məni, indi də sancır məni,
Qarə ya da ağ ola mar həmən mardır.

Gün kimi aşkar olan qeyrətimiz, Sabira,
Qüvvədədir indi də ar həmən ardır.

Başladıq Şahnaz ilə, sən demə heyratıdır,
Döndü Rəhab Cəngiyə tar həmən tardır.

İyirmi yanvar qarı indi də başımdadır,
Nisbəti yaşımdadır qar həmən qardır.

Naqqı deyil kilkidir, kilki onun ilkidir,
Yetmiş il əvvəlkidir, çar həmən çardır.

Bizdə yalan kolları rəngli çiçəklər açır,
Gör neçə ildir, Baba, bar həmən bardır.

4 iyul, 1997

1 2 3

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft