Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Mən nə dedim ki?!

Gözümdən yaş axar, qar qız Saqqalı məxmər kimidir
Sən hacıynan, mən hacı Apardı Saranı sellər...
Gürzə ilannan gedirik Bir dənə şirvanı yox
Körpəmiz olsun, olmasın? Əntər "obezyan" necədü?
Şurikə köz qoymuşuq Kölgəmizdən qorxmuşuq
Əli bayrağıdı bu Atdan özünçün
Girsən onun vedrəsinə Pünhanı şişirdirlər
Ötdü cavanlıq Qarabağ Sən deməzdin, mən dedim
Qanlı bir səhradı bu  

ŞERLƏRİ

Gözümdən yaş axar, qar qız

Çadırlarda donan qızlardı qar qız, yoxsa sən qar qız?
Gəl etmə haqqı inkar qız,
Gözümdən yaş axar qar qız,
Sən əlvan bir hədiyyə, o çörəkçün intizar qar qız,
Bu haqqı etsən inkar qız,
Gözümdən yaş axar qar qız.

Səadət içrə gördüm mən səni zər xarə paltarda,
Yanırdın çil-çıraqlarda,
Onun zülmət, işıqsız axşamıysa ahu-zar qar qız,
Bu haqqı etsən inkar qız,
Gözümdən yaş axar qar qız.

Dedim, ey qar qızım çıxma çadırdan tutma üz şəhrə,
Şəhər süd çalxayan nehrə.
Səni görsə xəcalətdən ölər bu iqtidar qar qız,
Bu haqqı etsən inkar qız,
Gözümdən yaş axar qar qız.

Özü xan tək dolanmaqçün səni məhkum edib çöldə,
Bir alət tək tutub əldə.
Xəbərsizdir baxır göydən ona pərvərdigar qar qız,
Bu haqqı etsən inkar qız,
Gözümdən yaş axar qar qız.

Tutub başdan-başa ekranı hər rəngə boyanmışlar,
Bu qış vaxtı soyunmuşlar.
Qızışmışlar verəydi kaş sənə bir isti paltar qız,
Bu haqqı etsən inkar qız,
Gözümdən yaş axar qar qız.

Saraylarla ucalmışlar, haraylarla enər bir gün,
Susan göylər dinər bir gün.
Haraylarla qocalmışlar, zülümdən qurtular qar qız,
Bu haqqı etsən inkar qız,
Gözümdən yaş axar qar qız.

3 yanvar, 2002

Saqqalı məxmər kimidir

Nə qədər ki, bizə korrupsiya rəhbər kimidir,
Qarabağ söhbəti dəryadakı ləngər kimidir.

Kim deyir bizdə yalanlar yerimir-səhv eləyir.
Sürüşür yağ kimi hətta, yolu mərmər kimidir.

Bizdə əsgərdən onunçün pul alırlar ki, deyək
Milli əsgərlərimiz muzdlu bir əsgər kimidir.

Hansı mətbuya baxırsan döşəyirlər İsaya,
Döşəməkdəndi yəqin ki, İsa qəmbər kimidir.

Bir sümük bir dərilərçün bu dilim bir tikə ət,
Ətə dolmuş irilərçün iti xəncər kimidir.

İki yüz dollara uydu tükü pırpız Vahaba
Atdı o şiəni ki, saqqalı məxmər kimidir.

Məqsədin nəydi dedim cərraha yardın sinəmi,
Əmin oldum dedi, Pünhan sinədəftər kimidir.

4 iyul 2001

Sən hacıynan, mən hacı

Bir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,
Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.

Haqqa baş əydik ki, haqqın yollarında azmayaq,
Hər baş əydikcən ucaldıq sən hacıynan, mən hacı.

Düz deyən düzlərdə qaldı, leyk biz düzlərdə yox,
Düz danışdıq düzdə qaldıq sən hacıynan, mən hacı.

Bir həbibin bağçasında bülbül ötdü - ağladıq,
Bir qəribi yadə saldıq sən hacıynan, mən hacı.

Həsrəti - Sahib Zaman üzdü Əziznən Pünhanı.
Bax bu həsrətnən qocaldıq sən hacıynan, mən hacı.

9 avqust 2001.

Apardı Saranı sellər...

Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,
Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.

O, mahın bir parasıydı sular qoynunda qərq oldu,
Qaranlıq çökdü hər yanə Muğan məhparəsiz qaldı.

Gözümdən qanlı yaş düşdü izindən lalə boylandı,
Onun bağrı qaraldıqca bu gözlər qarəsiz qaldı.

Apardın Saranı, ya rəbb, məni-bimarı da öldür,
Desinlər Saradan sonra bu eşq əvvarəsiz qaldı.

Kimə bir yarə dəydi gəldi Pünhanda zühur etdi,
Nigaran qalmasın tanrın ki, Pünhan yarəsiz qaldı.

29 iyun, 2001

Gürzə ilannan gedirik

Bu yeni eraya biz bir quru cannan gedirik,
Amma ki, zurna-qavalnan, balabannan gedirik..

Ağ ilan üstə olan il bizə heç sərf eləmir,
Çünki biz ağ yalan üstündə olannan gedirik.

Yenə korrupsiya, rüşvət şüarın əldə tutub,
Təzə meydan sulayıb köhnə plannan gedirik.

Gömrüyündən təzə əsrin bizi kimdir buraxan?
O səbəbdən yığışıb ayrapalannan gedirik.

Bakının torpağın arşınla satan söylədi ki,
Təzə ildə təzə "Arşın mal alan"nan gedirik.

Restoran, şadlıq evi açmağa başlar qarışıb,
"Göy"ə əllər alışıb, yerdəki qannan gedirik.

Məhşərin istisi dəymiş deyəsən ölkəmizə,
Soyunub əynimizi təkcə tumannan gedirik.

Ağ ilan, sarı ilan, xallı ilan - fərqi nədir?
Biz elə ildən-ilə gürzə ilannan gedirik.

Zamanın şahidi Pünhan sizi ümmid eləyir,
Təzə minilliyə Sahibli Zamannan gedirik.

29 dekabr, 2000

Bir dənə şirvanı yox

Bir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,
Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.

Tanrıdan bir parça torpaq istədim mən, susdu o,
Sən demə hamsın satıblar Tanrının imkanı yox.

Səndə həsrət dağı duydum yer verib rəhm eylədim,
Mən sənə bir bağı qıydım sən mənə bir şanı yox.

Ey düşüb gündüz-gecə meydanda azadlıq gəzən,
Haqq olan dünyadır azadlıq, onun meydanı yox.

Mən dedim Şirvanlıyam, şirvanlılar mat qaldılar,
Bu necə Şirvanlıdır ki, bir dənə şirvanı yox.

Biz qədimlərdən elə əşyapərəst xəlq olmuşuq,
Çünki Allah can verəndə cismi tutduq, canı yox.

Bəlkə də, qulp qoymasaydı ev düşərdi Pünhana,
Neynəsin "qulp"dan səvayı başqa bir ekranı yox.

29 may, 2002*

Körpəmiz olsun, olmasın?

Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?
Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?

Xeyli götür-qoy etmişik, borca girib toy etmişik,
Hər ikimiz də həmxana, körpəmiz olsun, olmasın?

Borcu sələmnən almışıq, dərdnən-ələmnən almışıq,
Borcu verən də bir "dana", körpəmiz olsun, olmasın?

Baxmır həkimlər imkana, xətt çəkilibdi vicdana,
Ya öl, ya pul ver, ol ana, körpəmiz olsun, olmasın?

Yaşı çatanda yeddiyə, gün bükülür göy əsgiyə,
Dönür tədrisi "şirvana", körpəmiz olsun, olmasın?

Körpə soruşsa bir zaman, ay ata, yurdum hardadır,
Mən nə cavab verim ona, körpəmiz olsun, olmasın?

Vermə əzabı Pünhana, qıyma o yazıq insana,
Ver bu sualı Sübhana, körpəmiz olsun, olmasın?

1 iyun, 2001

Əntər "obezyan" necədü?

Görən heyvanxanada indiki dövran necədü?
Görəsən fərqdə insan ilə heyvan necədü?

Neçə il bundan əzəl mən belə ərz etmiş idim
Ki, ac aslan cücədü, indi bəs aslan necədü?

Bizdə beş şirvana "əla" dolanırlar qocalar,
Qoca heyvanlara bəs orda güzəran necədü?

Biz amerikan itinə yağlı asatrin veririk,
Özümüzsə yeyirik kilkə, badımcan necədü?

Məncə Robertin ögey qərdeşi də orda qalır,
Yeri gəlmiş soruşum əntər "obezyan" necədü?

Deyirəm öz itini taxtda yatırdan məmur,
Kaş biləydi küçələrdə yatan insan necədü?

Burda porsuqlara yer çoxdu nəinki orada,
Çünki bizlərdə bilirlər ki, qudurğan necədü?..

Meşələr yandırılandan meşə çaqqalsız olub,
Açılan şəhrdə çaqqallara meydan necədü?

Mən ki, ekranda demişdim ki, günüm it günüdür,
Tez-tez itlər soruşurlar Baba Pünhan necədü?

10 aprel, 2001

Şurikə köz qoymuşuq

Hər nəyə əl vurmuşuqsa, orda bir iz qoymuşuq,
Sirr odur ki, əyri əlnən izləri "düz" qoymuşuq.

Məhkəmə iş verməsə bir kimsə iş verməz bizə,
Ərz edib ki, hamıya iş verməyə söz qoymuşuq.

Haykanuşdan bilmədin neyçün tamam ayrılmadıq,
Çün barışmaqçün onunla sonraya üz qoymuşuq.

Şurikə "razvod" verib, biz seksual Avropada,
Şuraya evlənmək ilə Şurikə köz qoymuşuq.

Vergilər sultanıyıq məscid heç hazır olmamış,
Pul əsasın məscidin divarına tez qoymuşuq.

Millətə göz vermişik, amma işıq yaddan çıxıb,
Kim işıq vermək dilərsə üstünə göz qoymuşuq.

Pərdəsin yırtıb həyanın abrı alt-üst etmişik,
Altı göstərməkçün üstdən alta razrez qoymuşuq.

Pünhanın söz xonçasından söz yeyib boş qabına,
Bir "butulka" isti-kafir, beş metr bez qoymuşuq.

26 aprel, 2001

Kölgəmizdən qorxmuşuq

Natəmizlər içrə biz tək-tük təmizdən qorxmuşuq,
Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.

Biz düzü düz görməməkçün qarə eynək taxmışıq,
Çün ağı ağ göstərən parlaq günüzdən qorxmuşuq.

Hər yaranmış bir boyanmış olduğundandır yəqin,
Ailə qurmaq gələndə ay bənizdən qorxmuşuq.

Özgələrnin kölgəsin daim qılıncnan vurmuşuq,
İntiqam almaq məqamı kölgəmizdən qorxmuşuq.

Zəbt edib sahilləri qovsaq da çox sakinləri,
Sahili bir gün yuyan coşqun dənizdən qorxmuşuq.

Qorxu Allahdan yox, Allahsızdan olmuş son zaman,
Biz də Allahsız olan qorxunc bir üzdən qorxmuşuq.

Allahın yüz ismi var, bir ismi pünhandır bizə,
Hər şeyi aşkar edən, Pünhan, o "yüz"dən qorxmuşuq.

22 iyul, 2001

Əli bayrağıdı bu

Bu sinəm dağına əl dəymə Vətən dağıdı bu,
Bu dağın lalələrin əzmə şəhid bağıdı bu.

Get çadır şəhrinə dinlə ana laylalarını,
Görginən ki, ana laylasıdı ya ağıdı bu!

Qarabağım gedəni getdi gözüm qarəsi də,
Yerinə qarə su gəldi qaramın ağıdı bu.

Rastımın bəhrinə gir, qərq ol uşaq paklığına,
Mən də qoy fəxr eləyim, rastımın üşşaqıdı bu.

Onun üstündə əsənçün ana torpaqdı Bakı,
Ana əmcəyini kəsənçün para torpağıdı bu.

Uzaq ol mövqeyi naməlum olan insandan,
Anlayınca gec olar dostdu, ya da yağıdı bu.

Qələmindən ucalan sözləri haqdırsa əgər,
Onda Pünhanda qələm yox, Əli bayrağıdı bu.

5 mart, 2002

Atdan özünçün

Ya düz yola keç ömrü boyu qatdan özünçün,
Ya əyrini seç, dəhridə rahatdan özünçün.

Cəhd eylə ya qız ver, ya qız al iqtidardan.
Ondan sora üstdən ye, dağıt altdan özünçün.

Axçisifət olsa gəlinin eyninə alma,
Ört-basdır elə, amma sevin şaddan özünçün.

Bal da təmiz olduqda boğaz yandırar əlbət,
Sən hiylələr öyrən qarışıq zatdan özünçün.

Torpaq bahadır burda nəinki Qarabağda.
Evlən, sora yer al elə Sumbatdan özünçün.

Korrupsiyanın yolları asan deyil əsla,
Zəhmət çəkib öyrən onu usdaddan özünçün.

Ordan bura qaçmaq bizə xas bir hərəkətdir,
Burdan kişisən qaç ora isbatdan özünçün.

Xalqın belinə çıx, de məni xəlqim ucaltdı,
Hər eybinə tut pərdə camaatdan özünçün.

Yerlərdə süründün keçən il, Pünhan, ilan tək,
Gəldi at ili indi də get atdan özünçün.

25 dekabr, 2001

Girsən onun vedrəsinə

Bir əsər yazdı fələk qoydu həyat səhnəsinə,
Bizi ifaçı yaratdı, onun hər pərdəsinə.

Bilmədim hansı bir ifaya rəva bildi məni,
Bir onu bildim ölüm yazdı vida səhfəsinə.

Goreşənlər yedilər hər yeri heç doymadılar,
Çatmadı bir bu qədər yer goreşən dəstəsinə.

Atamın baş daşını yer ilə yeksan elədin,
Dəyəcək bir gün həmən daş atovun kəlləsinə.

Qoysa göz üstünə kim ölkəsi yox, bölgəsini,
Dönəcək bölgəsi bir gün gözünün kölgəsinə.

Sözümü axıracan dərk eləmirsənsə əgər,
Onda zəhmət çəkib haqqın səfər et zirvəsinə.

Demişəm Pünhana nə vedrə, nə bel bağlaginən,
Oturub ağlaginən, girsən onun vedrəsinə.

20 mart, 2002

Pünhanı şişirdirlər

Böhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,
Zindanlara atmaqçün, böhtanı şişirdirlər.

Sizlərdə xəcalətdi, bizlərdəsə adətdi,
Adətdi beş ildən bir, nadanı şişirdirlər.

Toylarda tutub qoldan, nazirlə süzən kəslər,
Qoltuqlara girməkçün, imkanı şişirdirlər.

Yer var gözə soxmaqçün, nə azı beş-on santı,
Yer var üzə çıxmaqçün, xudmani şişirdirlər.

Xortdannan əgər artıq, qorxmursa uşaqlar da,
Bica yerə bizlərçün, xortdanı şişirdirlər.

İllərdi ki, mənsəbdə, qarın şişirənlərimiz,
İştanqı tutub indi, idmanı şişirdirlər.

Cırtdanlara xaricdən div payı ayırmaqçün,
Nəsli cır olan divlər, cırtdanı şişirdirlər.

Basqal deyilən kənddə, bir rövzeyi-rizvan var,
Hərdən aparıb orda, Pünhanı şişirdirlər.

8 iyul, 2002

Ötdü cavanlıq Qarabağ

Canavar nəslinə sərf etdi dumanlıq Qarabağ
Ki, ola onlara hər dəmdə yavanlıq Qarabağ.

Qarabağ atlarının keçdiyi dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq Qarabağ.

İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.

Bu ona, o biri buna, bu biri ona, o birinə bu,
Belə zəncirlə gedir hökmi-rəvanlıq Qarabağ.

Çəkməsək gərçi Tumanyanın əyindən tumanın,
Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.

İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,
Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.

Dəhşətinlə Baba Pünhana əzablar verdin,
Həsrətinlə sovuşub ötdü cavanlıq Qarabağ.

21 iyul 2002

Sən deməzdin, mən dedim

Haqq sözün bu iqtidarə sən deməzdin, mən dedim.
Ağu qatmış ruzigarə sən deməzdin, mən dedim.

Bir mücərrəd var ki, neyçün qurd qiyamətçün qalıb;
Qurdu çıxsın aşikarə sən deməzdin, mən dedim.

Yurdu döndərmiş bazarə hər şeyi satmış ucuz,
Xəlqi salmış ahu-zarə, sən deməzdin mən dedim.

Diz çöküb Pərvərdigarımdan Qiyamət istədim,
Bax bunu Pərvərdigarə sən deməzdin mən dedim.

Çatmışıq min şükr ola Sahib-Zaman dövranına,
Son sözü son zülmükarə sən deməzdin, mən dedim.

La fəta illa Əli, la seyfə illa Zülfüqar,
Hikmətin bu hökmüdarə sən deməzdin, mən dedim.

Bir müqəddəs Ruh enir, Pünhan, o göylərdən yerə,
İblisi qoysun məzarə sən deməzdin, mən dedim.

9 iyul, 2001

Qanlı bir səhradı bu

Göz yaşım leysan olub səhrada bir dəryadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Xatəmin övladına yas tutmağa Adəm gəlib,
Adəmin fəryadına peyğəmbəri - Xatəm gəlib,
Kərbəla torpağına göydən bütün aləm gəlib,
Car çək başsız Hüseynə baş çəkən Zəhradı bu,
Gəl gedək burdan Heseynim, qanlı bir səhradı bu.

Ötdü min dörd yüz ilim, dur Şümrə bir meydan oxu,
Yetdi son Aşura, zülmün qətlinə fərman oxu,
Bitdi həqqin intizarı, döndü bu dövran oxu,
Surələr Sur oldu xətmi-qeybəti-kübradı bu,
Gəl gedək burdan Hüseynim, qanlı bir səhradı bu.

Badu Kubə şəhrinə bir gün ƏliƏkbər gələr,
Həzrəti Əbbas ilə Həzrət Əli-Əsgər gələr,
Zülfüqarıynan Əmir-əl-Mömünün Heydər gələr,
Sahibi - əsr - Zamandan öncəki peydadı bu,
Gəl gedək burdan Hüseynim, qanlı bir səhradı bu.

Ol Yəzidin ləşkərindən bir başa min baş gedər,
Şah Hüseynim başdadır hər başda gizlin baş gedər,
Baş düşər başdan çıxar qaş başa bir gün baş gedər
Yazdığım misralar içrə qalibi-misradı bu,
Gəl gedək burdan Hüseynim qanlı bər səhradı bu.

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

12 aprel, 1998

1 2 3 4

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft