Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Mən nə dedim ki?!

Mən nə dedim ki?!

Bir parça torpaq qalmadı

Bişərəfindən aman oy!

Qarabağ getsə əgər

Başda ayaq gəzdiririk

Eşşəyi Məmmədhəsənin

Şaxtalı ünvanımıza

Mən Qarabağçün yaşadım

Ağ atlı oğlan hardadır?

Kim hara deyir, ora gedirik

Səbəbkarə şükür

Meydan belə dirçəldi

Ayrapalan şəklində

Üz asvaltdısındandır

Nimdaş aparatnan gedirik

Türkmənbaşı

Çəkirlər dala

Boynuna böhtan ataq

Altımız üstdən bilinir

Torpağı ehsanlıq olar

Toylar belə toylardı

O bilər – mən bilərəm

İmkan olar biz bilmərik

Bakının dərdi var

Pulun göstərir

Qumar onun qumarıdır

ŞERLƏRİ

Şaxtalı ünvanımıza

Min şükürlər dilərəm Rəhmli Rəhmanımıza,
Nəzərin saldı bu əhvali - pərişanımıza.

Millətin dərdi, demə məndə qübar etmiş idi,
Onu cərrah kəsib atdı xiyabanımıza.

Demə bu dərdi qoparmaq neçə min dollar imiş,
Beş minə dəydi bıçaq sineyi-qalxanımıza.

Halal olsun sözə qiymət verən oğlanlara ki,
Qatdı imkanını heç olmayan imkanımıza.

"Opires"dən sora əmma ki, göy ilən gedirəm,
İqtidardan deyəsən qan vurulub qanımıza.

Bizə torpaqları qaytarmağa cərrah gərək,
Çeçenin qeyrətini "şunt" eləyə canımıza.

Necə getsin bu gözəl isti otaqdan ayağım,
O Rəsulzadədiki şaxtalı ünvanımıza.

"Qəlbim"i Ben Əli bəy şunt eləyəndən sonra,
Əli meydanı gərəkdir Baba Pünhanımıza.

22 noyabr, 2001
Mərkəzi klinik xəstəxana

Mən Qarabağçün yaşadım

Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,
Mən elin dərdini gizlin daşımaqçün yaşadım.

Bir ürək dözmədi yüksəklərin alçaqlığına,
Ona güc verdi xuda dözməli dağçün yaşadım.

Gözümün qarəsi əşk ilə töküldü varağa,
Varağım qarələnincə bu varağçün yaşadım.

Gələcək nəslə həqiqətləri çatdırmaq üçün,
Anadan olmayan onlarla uşaqçün yaşadım.

İblisin son gününə xeyli marağım var idi,
Allahın hökmü ilə böylə maraqçün yaşadım.

Mən demişdim kişi yox, ölkə papaqnan doludur,
Bu mənə yer elədi, bax bu papaqçün yaşadım.

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.

Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

23 noyabr, 2001
Mərkəzi klinik xəstəxana

Ağ atlı oğlan hardadır?

Haram alıb marağmızı, ağ atlı oğlan hardadır?
Aram tutub qırağmızı, ağ atlı oğlan hardadır?

Tox arxasın çəkib gedir, ac ağzını tikib gedir,
Soran da yox sorağmızı, ağ atlı oğlan hardadır?

Qızartmışıq yanağmızı, qısaltmışıq balağmızı,
Xuda verib talağmızı, ağ atlı oğlan hardadır?

Bu erməni dığasının, əgər başı kəsilməsə,
Gəlib kəsər qulağmızı, ağ atlı oğlan hardadır?

Düşüncəmiz saray, maşın, fəqirin atmışıq daşın,
Bəyənmərik çolaqmızı, ağ atlı oğlan hardadır?

Gəlin baxın qonağmıza, çıxıb bizim ağacmıza
Qırıb tökür budağmızı, ağ atlı oğlan hardadır?

Əsilmizi itirmişik, kənarə gen ötürmüşük,
Çoxaltmışıq calağmızı ağ atlı oğlan hardadır?

Yuxarıda harın gedir, aşağıda qarın gedir,
Vərəm tutub uşağmızı, ağ atlı oğlan hardadır?

Ərəb elində bir sürü, Azərbaycan maralları,
Soxub yerə papağmızı, ağ atlı oğlan hardadır?

Çobanların siyasəti, siyasətin çobanları,
Alıb bizim çomağmızı, ağ atlı oğlan hardadır?

Nə sənnənik, nə mənnənik, fəqir Məmədhəsənnənik,
İtirmişik ulağmızı, ağ atlı oğlan hardadır?

Xəbər çatıbdı Pünhana, gəlib ağ atlı dövrana,
O yandırar çırağmızı, ağ atlı oğlan hardadır?

5 fevral, 2002

Kim hara deyir, ora gedirik

Bu Vətənimin günü belədir, uzunu qısa eni belədir,
Ata-babamın geni belədir gora desələr gora gedirik.
Qadanı alım, qınama bizi,
Kim hara deyir ora gedirik.

Qazanı mənəm, qazanan odu, harama girib qızınan odu,
Əli cibimə uzanan odu, əlinə qoyub para gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Nə darıxırıq nə yad edirik, darıxana da irad edirik,
Bu bağımızı abad edirik, o bağa üzü qara gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Dərimi soyub, soyumu bölür, quyumu görüb quyumu bölür,
Dənizə girib suyumu bölür gözü görəsi tora gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Bu ora gedir, o bura gəlir, bu ona deyir, o buna deyir,
Bu onu yeyir, o bunu yeyir biz isə "Böyükşora" gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Qula ağayıq, pula əsirik pula görə qul cibi kəsirik,
Nə gecikirik, nə tələsirik, təzə xanayıq zora gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Ərəbə baxıb göbək açırıq, xərəbə baxıb kürək açırıq,
Soyuna-soyuna çiçək açırıq, boyana-boyana bara gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Ay saçı qısa Suray xanım, ay əri olan subay xanım,
Əri "dub" özü Dubay xanım, bu gediş ilə hara gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

Elimiz itib, obamız itib anamız itib, atamız itib,
Ərimiz ölüb, yaşımız ötüb çörəyə görə kora gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.

İkiqat olan iki beli var, səsə qoyulan iki əli var,
Vəkil olanı iki dili var, deyir MM-ə xora gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir, ora gedirik.

Kimə nə ki, bu çapa ilişir, kimə nə ki, bu YAP-a ilişir,
Özü dolayan sapa ilişir, sapa-sapa yol dara gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir, ora gedirik.

12 dekabr, 2001

Səbəbkarə şükür

Borc verir faizə dost dostuna, əğyarə şükür,
Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.

Qarabağ davası bu millətin açdı içini,
Qara ağdan belə ayrıldı, səbəbkarə şükür.

Seçkilər vaxtı bir az zəhrimar atdı, yaşadıq,
İndisə təkcə zəhərdir, o zəhrmarə şükür.

Nə pulum var, nə işim var, nə bir əynim, nə başım,
Atmayıbdırsa mitilmi bayıra, yarə şükür.

Ağızı şorpalılar, azəri avropalılar,
Öpüşürlər küçədə, ay kişi, bulvarə şükür.

Bir zaman qız-gəlinə şalvarı irad elədik,
İndi gündəyməzi vitrindədi, şalvarə şükür.

Heç fikir çəkmə ki, testdən kəsilərsən, a bala,
Onu da qurdalayırlar, neçə dollarə şükür.

Mənə can borcunu faizlə veribdirsə Xuda,
Onu Pünhandan alıb yüz ilə qurtarə şükür.

13 iyun, 2001

Meydan belə dirçəldi

Ruh verdi Xuda cismə, insan belə dirçəldi,
Heç olmadı insanda, nöqsan belə dirçəldi.

Bir xeyli zaman ötdü, əmma yaranan bir gün,
Bu dirçəlişə oldu peşman belə dirçəldi.

Ruh göylü bədən yerli, başlandı dalaş-dava,
Söz düşdü yer üstündə şeytan belə dirçəldi.

Bir gün belə minvalnan bu Azərbaycanda,
Məqsədlərin uğrunda imkan belə dirçəldi.

Minlərlə piyadayçün bağlandı bütün yollar,
Top vurdu Vəzir qaçdı meydan belə dirçəldi.

Nəsrani qırıb-çatdı, bizsə oturub-durduq.
Təslimçi növü üzrə idman belə dirçəldi.

Çox kəndi soyub gəldi, yəqin ki, doyub gəldi,
Xankəndi qoyub gəldi bu "xan" belə dirçəldi.

Əql ilə dolu başlar, təyyarədə odlandı,
Xatircəm olub bundan, nadan belə dirçəldi.

Millət oda yandıqca, mətləbləri qandıqca,
Atəşkəs uzandıqca düşman belə dirçəldi.

Ol vəqti Mübariz də, qulpnan çıxıb ekranda,
Qulpsuzlara qulp qoydu, ekran belə dirçəldi.

Dünyaya vida etdi, bir ömrü təmam etdi,
Ta zühr İmam etdi, Pünhan belə dirçəldi.

16 may, 2001

Ayrapalan şəklində

Dəyişir dövr zaman içrə yaman şəklində,
Görürük indi badımcanı banan şəklində.

Tökülən qanların üstündə saraylar tikdik,
Ağladıq sonra xiyabanda yalan şəklində.

Nə iqtidarda təpər var, nə müxaliflərdə,
Qisası erməniyə göstərə qan şəklində.

Satıldı doğma vətən kim dedi, bu böhtandır,
İcarə eylədi bir dəstə klan şəklində.

Bəlkə göylərdə müsəlmanın ahu-zarı imiş,
Toxunub Pentaqona ayrapalan şəklində.

Çalışır kafirə öz doğmasıtək əl tutsun,
Danışır amma müsəlmanla ilan şəklində.

Deyirəm bəlkə müxalifdə də varis olsun,
Necə ki, iqtidarda var o plan şəklində.

Hərə bir cür daşıyır söz yükünü Pünhanın,
Kimi dürdanə kimi, kim də palan şəklində.

30 oktyabr, 2001

Üz asvaltdısındandır

Uduzmaq cürbəcürdür, bax, bizimki matdısındandır,
Səbəbdir haqq piyada ağ yalanlar atdısındandır.

Saatmız gah uruscan fırlanır, gahi amerkanca,
İki əqrəb arasında bu xəlq it-batdısındandır.

Saatlar dal ola yaxud qabaq fərq eyləməz əsla,
Kasıbçün sutkanın hər bir anı fəryaddısındandır.

Neçə ildir bu torpaqda ürək partlatdı haqsızlıq,
Buna terror deyən yox, amma bu üçqatdısındadır.

Şəkillər görmüşəm vallah bir il keçsə solur rəngi,
Vəkillər görmüşəm billah üzü asfaltdısındandır.

Nə evdə arvadından əl çəkir, həm nə Siranuşdan,
Demə hər ehtimal üçün iki arvaddısındandır.

Vəhabi kimdi, İslam kim, bunu əla bilir Corc Buş,
Bilir Vəhhab ənd Hempfer kimin ştatdısındandır.

Köçəryanə dedim nefti get al qərdeşdiyün rusdan,
Dedi sizdən gələn gizlin nöyüt lap daddısındandır.

Zamanın Sahibi əqrəbləri taxtdan salar, Pünhan,
O Sahib ki, Quranda həqq ilə isbatdısındandır.

23 oktyabr, 2001

Nimdaş aparatnan gedirik

Demə at yoxdu onunçün belə matnan gedirik,
Qalxginən şahə bu il cəng elə atnan gedirik.

Vaxtı öldürdüyümüzçün bizi həbs etsə zaman,
Deyərik əqrəbi ən paslı saatnan gedirik.

Atamızdan görüb öyrənmişik harınlığı biz,
Başlanandan at ili dərsə "fiat"nan gedirik.

Zaçotun qiyməti beş, imtəhan on "şirvan"dır,
Gələcək əsrə bu qiymətdə savadnan gedirik.

Kimi sağdan, kimi soldan, kimi puldan sildik,
Əmin olduq ki, Əminsiz bir həyatnan gedirik.

Atalar söylədi qaçmaq da igidlikdəndir,
Hara getsək belə mənalı sitatnan gedirik.

Mülkümüz olsa da hündür bizi düşmən görmür,
Qorxudan evdə də çünki yatayatnan gedirik.

Başı boş məmura başsız dedim, o güldü mənə,
Dedi baş olsa da boş, əldə peçatnan gedirik.

Nə şəkil çəkdiririksə üzümüz qarə çıxır,
Çünki ildən ilə nimdaş aparatnan gedirik.

Məncə haqqın sözü, həm də özü var Pünhanda,
Bu səbəbdən onun ardınca nicatnan gedirik.

13 yanvar, 2002

Türkmənbaşı

Sən fələkdən qorx, ətəkdən tök daşı türkmənbaşı,
Öylə bilmə dahi sənsən, biz naşı türkmənbaşı.

Ağcaqum vaqeəsindən sonra mən hiss etmişəm,
Ayrıdır türkmən başıynan, türk başı türkmənbaşı.

Doğrudur türksən fəqət başdan bir az məfrağsan,
İncidirsən biz müsəlman qardaşı türkmənbaşı.

Bizdə baş dərmanı çoxdur, məsləhətdir başuva,
Saldıra bir cüt zopa türk fərraşı türkmənbaşı.

Bircə mən bildim nə məqsədlə qaraltdın saçını,
Qoy qarasız olmasın türkmən aşı türkmənbaşı.

Bu nəsil ki, bizdə vardır bir Xəzər çatmaz bizə,
İstəyirsən böyrünə vur Balxaşı türkmənbaşı.

Öz aramızdır bu iş sənnik deyil al boynuva,
Kim deyib qan çıxmayan yerdən qaşı türkmənbaşı.

Sən bilərsən hansı bir məqsəddi sammitdən sora,
Çəkdi göy dəryaya Putin yoldaşı türkmənbaşı.

Bizdə yaşnan bağlı çox iş var ki, həllin tapmayır,
Bax bu işlərdən dənizdir ən yaşı türkmənbaşı.

Atdığın daş Pünhana neynər əgər hər gün ona,
Kim Vətən daşı atır, kim yad daşı türkmənbaşı.

21 may, 2002

Çəkirlər dala

Vaxtı verirlər qabağa əlbəəl,
Amma güzaranı çəkirlər dala.

Keçdi zaman hökmünə əqrəblərin,
Zəhri verib canı çəkirlər dala.

Öndə gedir əqrəbi hər kim tutur,
Tutmayan insanı çəkirlər dala.

İstəyirik bir balaca dirçələk,
Hər cürə imkanı çəkirlər dala.

Gah bizə şirvanın ucun göstərib,
Gah da ki, şirvanı çəkirlər dala.

İşdə verirlər qabağa qızları,
Amma ki, oğlanı çəkirlər dala.

Soyqırığa sərf eləmir soyqırım,
Bax odu qəltanı çəkirlər dala.

Bir kərə meydan verib azadlığa,
Yüz kərə meydanı çəkirlər dala.

İldən-ilə milləti lüttəndirib,
Əhli -müsəlmanı çəkirlər dala.

Şah damarından Bakının sallanıb,
Azərbaycanı çəkirlər dala.

Fəsli-payızda doğulan Əqrəbəm,
Bax odu Pünhanı çəkirlər dala.

2 aprel, 2002

Boynuna böhtan ataq

İş vuraq, dinc durmayaq, iş vurmaq üçün can ataq,
Xəlqə kim imdad edirsə biz ona hədyan ataq.

Gəl çıxardaq Az.Tv-yə ac-susuz yaltaqları,
Bir yalançün ağzına üç-dörd dənə şirvan ataq.

Pul alıb ağır cəzanı bir fəqirin boynuna,
Qoymaq üçün üstünə beş-altı damcı qan ataq.

Ya gərəkdir haqq olub, qanunu düz icra edək,
Ya gərək alçaqlıq ilə boynuna böhtan ataq.

Erməniyçün bir belə əldən gedirsə gərçi bu,
Böylə təklif var onun soy adına bir yan ataq.

Torpağı zornan bizə verdirdilər ki, biz gəlib,
Abşeron torpaqlarında bağ salaq bostan ataq.

Xəstəlik cansızda yardım dərmanı qansızdadır,
Verməyir ki, ölməməkçün ayda bir dərman ataq.

Çox zaman Pünhana dəstək verməsək də aşikar,
Haqq sözə, heç olmasa, imzamızı pünhan ataq.

6 aprel, 2002

Altımız üstdən bilinir

Adamın yaxşısı yaxşı, pisi pisdən bilinir,
Necə ki, düz cavabın qiyməti testdən bilinir.

Qarabağ dərdi üzüb milləti naziltdi tamam,
Elə naziltdi ki, lap altımız üstdən bilinir.

Xocalı dərdinə biganə olan bir kişinin,
Xoş olan qeyrəti də seçdiyi Mis dən bilinir.

Ürəyin gizlədib amma göbəyin üstün açan,
Hər qızın tərbiyəsi aldığı dərsdən bilinir.

İşinin xatirinə hörmətinin saxtalığı,
Kabinetdə yanına qoyduğu büstdən bilinir.

Pozğun əxlaqı bizə "Qərb" klipnən yeridir,
Bu kanallarda gedən mahnı seksdən bilinir.

Aşikarlıq o deyil ki, soyunub lüttənəsən,
Lüt olan haqdır o qulpdan, ANS-dən bilinir.

18 may, 2001

Torpağı ehsanlıq olar

Min günahın cavabı həşrdə bir anlıq olar,
Cəmi bir anın içində hərə bir yanlıq olar.

Başuva döyməginən getsə əlindən vətənin,
Göyə bağlanmayanın torpağı ehsanlıq olar.

Erməni arvadın ilə aranı vurma hələ,
Yüksək status olan vaxtı peşimanlıq olar.

Bu elin başına kim saldı dəyirman daşını,
Gün gələr ki, onun öz başı dəyirmanlıq olar.

Neçə evlər yıxıb üstündə saraylar tikənin,
Rəsmdir xəlqi üçün qəlbi qəbiristanlıq olar.

Nəfsə qulluq edənin rütbəsi şeytan nökəri,
Haqqa qulluq edənin rütbəsi insanlıq olar.

Günlərin bir günü Pünhan Babadan ayrı düşər,
Baba torpaqlıq olar, Pünhan asimanlıq olar.

11 mart, 2001

Toylar belə toylardı

Toy tutdu bizə düşman, toylar belə toylardı.
Toy nəğməsi Ərrəhman, toylar belə toylardı.

Bu toyda gəlinlərmiz, əğyarə gəlin oldu,
Bəylər də qana qəltan, toylar belə toylardı.

Bilməm kim unutdurdu, xəlqə bu ağır dərdi,
Şənlik oxudu meydan, toylar belə toylardı.

Məğlubiyət eşqiylə, çox şadlıq evi açdıq,
Xankəndi, Şuşa, Dilcan, toylar belə toylardı.

Qol açdı uduzmuşlar, pərvaz elədi quş tək,
Odlandı Azərbaycan, toylar belə toylardı.

Qışqırdı: Vətən dərdi, öldürdü məni saqi,
Süz dalbadala şampan, toylar belə toylardı.

Çöllərdə çadırlarda, qızlar qarıdı il-il,
Sevdaları sərgardan, toylar belə toylardı.

Borc ilə cehiz aldı, toydan da qalan heç nə,
İndi oturub peşman, toylar belə toylardı.

Bəynən gəlini gördüm, keçdi Quran altından,
Amma ki, gəlin üryan, toylar belə toylardı.

Mümkünsə toya dəvət, etmə Baba Pünhanı,
Pul salmağa yox imkan, toylar belə toylardı.

5 fevral, 2001

O bilər – mən bilərəm

Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər - mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər - mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər - mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm.

20 iyun, 2001

İmkan olar biz bilmərik

Qorxuram yellər əsər, tufan olar biz bilmərik,
Yer dinər, göy dindirər divan olar biz bilmərik.

Bir saray tikdirmək üçün onlar ilən ev yıxan,
Qəsbkarın var-yoxu viran olar biz bilmərik.

Faiz ilən borc verib, çox borclunu ağlar qoyan,
Nanəciblər qanına qəltan olar biz bilmərik.

Qorxuram ki, Zülfüqarın sahibi pünhan gələr,
Zülmükarın göz yaşı leysan olar biz bilmərik.

Harda rüşvət var, talan var, ver bizə ünvanını,
Son nəfəsdə almağa imkan olar biz bilmərik.

Qorxuram ekranda lüt əndamını göstərməyə,
Özgələr bizdən qabaq üryan olar biz bilmərik.

Biz bu torpaq söhbətin dartdıqca hey saqqız kimi,
Tazə-tazə bölgələr ehsan olar biz bilmərik.

İblisə dəstək verib düşmənlə dost olsaq əgər,
Bir zamanlar dost bizə düşman olar biz bilmərik.

Əsrlərdir Baküyə yol qət edən Sahib Zaman,
Gəlməyindən qorxuram peşman olar biz bilmərik.

Göz qulaqda ol ki, Pünhan, xalqın üstündən düşən,
İqtidarın örtdüyü yorğan olar biz bilmərik.

3 aprel, 2001

Bakının dərdi var

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey "Qız qalası" qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.

13 may, 2001

Pulun göstərir

Get-gedə dövran özü insanların,
Dəymişi halında kalın göstərir.

Heç nə yox, ancaq şəhərin qızları,
Azərbaycanın halın göstərir.

Xalqının artisti olandan sora,
Xalqına şalvarda dalın göstərir.

Kəndi təzəknən qızınan ölkəmiz,
Neft kimi dünyaya malın göstərir.

And içərəm, hakim öz övladına,
Rüşvətin ən yaxşı yolun göstərir.

Nəmli betondan tutulub dizləri,
Dost ona parketli polun göstərir.

Hündür ev inşa eləyən hər adam,
Böylə hədis var ki, pulun göstərir.

Öz ərinin razılığıynan demə,
Əndamın hər yerdə yalın göstərir.

Səbr elə, Pünhan, yetişir haqq günü,
İblis oyunda finalın göstərir.

22 yanvar, 2001

Qumar onun qumarıdır

Nə var - nə yox soruşma çox, nə var onun nəvarıdır,
Mənim evimdə qar yağır, bahar onun baharıdır.

Xuda mənim məkanımı yazıb dəniz kənarına,
Nədəndi boş sular mənim kənar onun kənarıdır.

Əkil odur, bəkil odur, şəkil odur, vəkil odur,
Əlil mənəm, zəlil mənəm ssenar onun ssenarıdır.

Yuxumda gördüm ölmüşəm, qəbir də ki, "platnı"du,
Pul olmadı girim yerə, bazar onun bazarıdır.

Pıçıldayıb Səbayeli, qulağma gizli söz dedi,
İmam gəlincə döz dedi diyar onun diyarıdır.

Qarabağım üzük qaşı, üzük-üzük olub daşı,
Oyun böyükdü biz naşı, qumar onun qumarıdır.

Dili qübarlı bir ana, dəvaya gəldi vermədin,
Anan qübardan ölsə bil, qübar onun qubarıdır.

Alıb Baba tüfəngini, atır sözün qəşəngini,
Dəyib qaçırtsa rəngini, şikar onun şikarıdır.

15 yanvar, 2002

1 2 3 4

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft