Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Mən nə dedim ki?!

Mən nə dedim ki?!

Bir parça torpaq qalmadı

Bişərəfindən aman oy!

Qarabağ getsə əgər

Başda ayaq gəzdiririk

Eşşəyi Məmmədhəsənin

Tərpəndi, ya tərpənmədi?

Bu əcəldir, susginən!

Nöqsanlar arasında

Qoçu iqtidarımızdır

Ağlamağım var, gözəlim

Dustaqlara qaldı

Hambal dəbdədir

Sənk yu

Bu vəhabi lənətulla

Filansız bilinir

Şalvarımız evdə qalıb

Haqq əhli bilet almadı

Gəlsə qiyamət, ay ata

Lütün biridir

İtlər ki, karvanındadır

Bu adam, bizim adamdır

Vandam ağlasın

Bu millətin qulpu qırığ

ŞERLƏRİ

Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!

2 avqust, 2002

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.

21 aprel, 2002

Bişərəfindən aman oy!

Bu Vətən torpağının bir tərəfindən aman oy!
Bu yazıq millətimin bitərəfindən aman oy!

İblisin cəhrəsi hər rəngdə kələflər əyirir,
Qarabağçün əyirən sərkələfindən aman oy!

Vətənin qızlarını səhnədə hərraca qoyan,
Vətən oğlanlarının bişərəfindən aman oy!

Bakını zəbt eləmək idisə məqsəd, əcaba,
Xalqımın bir belə bica tələfindən aman oy!

Analar modabaz isə, atalar rüşvətxor,
Bu biyabırçı davamın xələfindən aman oy!

Pünhanın yumşaq üzündən xata gəlməz adama,

Amma ünvanladığı söz hədəfindən aman oy!

7 iyul, 2002

Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

15 iyun, 2001

Başda ayaq gəzdiririk

Neçə ildir sinədə Şişəli dağ gəzdiririk,
Dağıdır Şişə bizi gözdə bulaq gəzdiririk.

"Çırağ"ı özgəyə satdıq yatağıynan qarışıq,
Yatağı tapmağa əmma ki, çıraq gəzdiririk.

Yerdə yer azdı deyib, qoydu ayaq başımıza,
Yerə girsək də dözüb başda ayaq gəzdiririk.

Alimik, cahil üçün ot biçirik, bağ salırıq,
Qələmi tullamışıq, indi oraq gəzdiririk.

Atamız ağ, anamız ağ, üzümüz isə qara,
Çün Dubaydan sora gizlində uşaq gəzdiririk.

Qarabağdan bu qədər faydalanan varsa əgər,

Qarabağ dərdin ürəklərdə nahaq gəzdiririk.

Kimi lazım bilirik burda müxalif qoyuruq,
Kimi ki, bilməyirik, gözdən uzaq gəzdiririk.

Biz Qazan xan deyilik, biz içi boş bir qazanıq,
O səbəbdən də papaq yerinə qapaq gəzdiririk.

Desələr ki, necə Pünhandı, bu, aşkardı tamam,
Söyləyin aşkarı pünhanla calaq gəzdiririk.

20 aprel, 2001

Eşşəyi Məmmədhəsənin

Sən gələn gündən ölüb eşşəyi Məmmədhəsənin,
Qalmayıb sən demə heç bir şeyi Məmmədhəsənin.

Bu çətin ömrünü eşşəklə sürürmüş yazıq,
Deyəsən bitdi ömür sürməyi Məmmədhəsənin.

Deyirəm yengiyə bir tövr ilə sağ çıxsa da o,
Məncə səs verməyə qalmaz heyi Məmmədhəsənin.

Millətin beynini dondurmağa mahirmiş urus,
Yetmiş ildir ki, açılmır keyi Məmmədhəsənin.

Can gedib, cismini tapşırmağa da torpaq yox,
Kimə lazım yox əgər heç nəyi Məmmədhəsənin.

Ahu-fəryadı neyin naləsi mislində idi,
Ürəyi partladı, susdu neyi Məmmədhəsənin.

Olacaq yar xuda bizlərə, Pünhan, çaxacaq,
Xudayarın başına şimşəyi Məmmədhəsənin.

20 iyul, 2002

Tərpəndi, ya tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm insanların,
Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,
Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?

Allahın torpaqların ac kəndliyə pulnan satan,
Quldarın ormanları tərpəndi, ya tərpənmədi?

Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,
Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?

Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,
Şah damarda qanları tərpəndi, ya tərpənmədi?

Özgənin ünvanına öz nəslini yerləşdirən,
Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?

Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,
Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?

Can güdən oğlanların dəhşətdə ikən özləri,
Özgələrçün canları tərpəndi, ya tərpənmədi?

Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?

20 dekabr, 2000

Bu əcəldir, susginən!

Bir xəta söz bir fəlakətçün təməldir susginən,
Hər fəlakət çox həlakətçün əməldir susginən.

Öylə yer var kim, dinərsən sözlərin nöqsan çıxar,
Böylə yerdə bir baxış sözdən gözəldir susginən.

Hər şeyin ən ibtidası həm təmiz, həm doğrudur,
Yəni ki, susmaq danışmaqdan əzəldir susginən.

Mən ürək oynatdım at yox, şer meydanında bil,
Aləmə səs salma ki, təbim əfəldir susginən.

Özgədən məna götürmək xislətimdə yox mənim,
Söz ümumi, leyk hər mənam özəldir susginən.

Sözlərin ömrün qışın yaz eyləyirsə yaz yarat,
Yox əgər görsən ki, solmuş bir xəzəldir susginən.

Sən məni susdurmağa qadir deyilsən, ey gəda,
Çünki bir şahəm tacım Allahdan əldir susginən.

Bir qonaq var hər yerə pünhan gələr, aşkar gedər,
Gəlsə, Pünhan, salma hay küy, bu əcəldir susginən!

16 may, 2001

Nöqsanlar arasında

Tədris ili başlandı, xoş anlar arasında,
Bir həftə sevinc gəzdi, insanlar arasında.

Məktəb yolu şumlandı, rüşvət ilə tumlandı,
Başlandı yığım dövrü, "dehqan"lar arasında.

Üç, yəni otuz dollar, dörd – qırx, beş isə əlli,
Fərq kursda olur bir də, dövranlar arasında.

Örtüklüyə min töhmət, paltarsıza beş qiymət,
Qiymətsiz olub ismət, üryanlar arasında.

Başlarda ziya olsa, zülmətdə Vətən qalmaz,
Məftil zəmidən yanmaz, şalbanlar arasında.

Ya qarnıvu çək saxla, ya pencəyi dart bağla,
Bağlanmır otur ağla, nöqsanlar arasında.

İblisdən hələ dünya, azad ola bilmirsə,
Azadlığı axtarma, meydanlar arasında.

Çox mətələbi xəlqiyçün, aşkar elədi Pünhan,
Öz dərdi fəqət qaldı, pünhanlar arasında.

2 avqust, 2002

Qoçu iqtidarımızdır

Dilimiz şəkərdü, qənddü, acı ruzigarımızdır,
İşimiz kədərdü, dərddü, maaşı azarımızdır.

Bizi əz, əzimli xalqığ, bizi büz, büzümlü xalqıq,
Dözürük, dözümlü xalqığ, bu bizim şüarımızdır.

Yeginən ölüncə, doyma, kişisən fəqiri soyma,
Havaya rüsumu qoyma, bu hava naharımızdır.

Neçə cür filan əlindən, quduran klan əlindən,
Nəbilər qaçaq düşübdü, qoçu iqtidarımızdır.

Qızımız əsir olanda, özümüz yeyib-içirkən,
Böyüyən qubarımızdır, kiçilən vüqarımızdır.

Bu çətin zəmanə vallah, bizi öylə bərk sıxıb ki,
Bilinir açıq-açığna, nə ki, altda varımızdır.

Dedilər bir ağzıgöyçək, qəzetə o gün yazıb ki,
Qarabağ azarımızsa, Bakı da bazarımızdır.

Özü bir savadlı müəllim, neçə bisavaddan amma,
Süzülən əyin-başından, utanan nigarımızdır.

Quyunu qazan Əmirxan, pulunu yığan amerkan,
Nə bilir o yazıq insan, qazılan məzarımızdır.

Hər əlin həvası ilə, oxuyandan Alim olmaz,
O bizi "Səmayi-şəmsə", aparan qatarımızdır.

Nə ümidi hərbə bağla, nə ümidi sülhə bağla,
O Qarabağın açarı, Əli Zülfüqarımızdır.

Gedənə vida edəndə, gələnə salam de, Pünhan,
Gedən iztirabımızdır, bitən intizarımızdır.

28 aprel, 2001

Ağlamağım var, gözəlim

Nə işim var, na evim var, nə bağım var gözəlim,
Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,

Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,
Kabinetlərdə kudum, balqabağım var gözəlim.

Neynirəm mən maşını gərçi məni dərd aparır,
Əlli dörd at gücünə tən ayağım var gözəlim.

Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,
Vacib oldur ki, dənizdə "Çırağ"ım var gözəlim.

Nə olar ki, Bakıya erməni təşrif buyurub,
Erməniynən axı burda calağım var gözəlim.

Məni toy məclisinə bir hacı dəvət elədi,
Dedi "şollar" şüşəsində arağım var gözəlim.

Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,
Çünki dərya qədəri ağlamağım var gözəlim.

Yedilər, qoymadılar ortada bir şey qalsın,
İncimə söyləsəm ancaq qırağım var gözəlim.

Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,
Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.

28 aprel, 2002

Dustaqlara qaldı

Həsrət dolu gözlər dikilib dağlara qaldı,
Yüksəkləri verdik ümüd alçaqlara qaldı.

Torpaqlarımız getdiyi gündən əlimizdən,
Əllər uzanıb şorməzə torpaqlara qaldı.

Allahdeyən oldu, deyilənlər boşa çıxdı,
Yersiz hədə qorxu quru barmaqlara qaldı.

Xofdan elə güldü, elə bil mayda gül açdı,
Vacib işimiz maygülü yaltaqlara qaldı.

Şənlikdə bir alçağı şişirdib dağa qoydu,
Mənlik ayaq altındakı tapdaqlara qaldı.

Əyri bel ilə əkdiyi də çıxdı əyilmiş,
Yəni ki, bu xislət gələcək çağlara qaldı.

Göy partladı yer çatladı nankorlar əlindən,
Uçdu haram evlər daşı çatdaqlara qaldı.

Bayram günü bayraqdara dəydikcə təpiklər,
Bayraq kimi yüksəlmək o bayraqdara qaldı.

Dövlət, onun uğrundakı yaltaqlara, Pünhan,
Zillət vətən uğrundakı dustaqlara qaldı.

4 aprel, 2001

Hambal dəbdədir

İndi bu millətdə qeyri-adi bir hal dəbdədir,
Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.

Təhsil almaq olsa da vacib bu azad ölkədə,
Pullu işdə işləməkçün amma ki, kal dəbdədir.

Şipşirin torpaqları əğyarə verdikdən sora,
Şorməzə torpaqları sürətlə işğal dəbdədir.

Get-gedə əxlaqı kökdən korlanan bir millətə,
Dal günün göstərmək üçün pırtdamış dal dəbdədir.

Çox TV-də şərhlərçün yerli icmal dibdədir,
Az TV-də mədhlərçün yersiz icmal dəbdədir.

Milli Məclisdən giley etmək dilərsən -etməgil,
Çünki bir batman qərarın xeyri misqal dəbdədir.

Biz kasıblarçün Dubaydan vaxtı ötmüş köhnə mal,
Leyk ərəb şeyxiyçün on beş yaşlı "xammal" dəbdədir.

Vaxt var idi qalmaqal salmaq dəb idi ölkədə,
Çox şükürlər olsun indi qalma yox, qal dəbdədir.

Bir əsr bundan qabaq Nobellərə hambal idik,
İndi də Nobellərə yurdumda hambal dəbdədir.

Qorxuram ki, Pünhanın bir gün dilin dibdən kəsib,
Car çəkərlər xəlqə ki, haqq şairi lal dəbdədir.

19 iyul, 2001

Sənk yu

Sənk yu, yevropian ünvanımızçün sənk yu,
Bay ze taym tas yevro qanımızçün, sənk yu.

"Dobrı" şalbandan sürüşdük düşdük "avro"-şalbana,
Çiynimizdən düşməyən şalbanımızçün sənk yu.

Mən bilirdim ki, səninkiynən bizimki tutmayır,
Sən tutuzdurdun dili-viranımızçün sənk yu.

Şərqimizdə qərbimizdir, qəbrimizdə şərqimiz,
Şərqi derkən burcudan oğlanımızçün sənk yu.

Can fəda etdik Vətənçün, bilmədik bir gün Vətən,
Ləğv edər hər bir güzəşti canımızçün sənk yu.

Həm ayağmız yüngül, həm də çox "sürüşkənmiş" bizim,
Bakü, İstanbul, Dubay imkanımızçün sənk yu,

Qapları Avropaya açdıq, fəqət meydana yox,
Bir muzeytək qorunan meydanımızçün sənk yu.

Doq dey of Nardaran ənd popleyşen Baku,
Yəni ki, döndərdiyin dövranımızçün sənk yu.

Xəlqə göstərmək üçün qeyrətmizin miqdarını,
Lüttərə meydan açan ekranımızçün sənk yu,

Ey Conum, gəl biz sənə hər sübh qud moninq deyək,
Sən bizə zəbt etdiyin şirvanımızçün sənk yu.

No it iz not eşqi-Məcnun, lonq liv Emmanuel,
Eşqi beynəlxalq olan dastanımızçün sənk yu.

Qulp olanda qulp qoyur, qulp olmayanda mız qoyur,
Hər şeyə bir mız qoyan Pünhani-mızçün sənk yu.

25 iyun, 2002

Bu vəhabi lənətulla

İmama* qoyub qadağa, bu vəhabi lənətulla,
Vahaba gedir sadağa, bu vəhabi lənətulla.

O zamanlar ingilisdən, ərəbə qonaq gələndə,
Özünü satıb qonağa, bu vəhabi lənətulla.

Bu nahaq cahanda İblis, hələlik şah olduğuyçün,
Bəşəri salıb marağa, bu vəhabi lənətulla.

Neçə hüccətin məzarın, dağıdıb-söküb Bəqidə,
Polisi düzüb qabağa, bu vəhabi lənətulla.

Əli Kəbədə doğulmuş, odu ki, təvaf edəndə,
Dodağın sıxar dodağa, bu vəhabi lənətulla.

Nə bilir nədir imamlıq, nə bilir nədir seyidlik,
Nə bilir nədir Ətağa, bu vəhabi lənətulla.

Bakıya gəlib ki, bir gün, "Vahab"ı oturda təxtə,
Bizi tullaya qırağa, bu vəhabi lənətulla.

Kralın sərəncamıyla, dolaşıb şəhərdə qoymur,
Satıla Nəhcül-Bəlağə, bu vəhabi lənətulla.

Gələr öylə bir zaman ki, kəsilər dili kökündən,
İmamı qoyanda lağa, bu vəhabi lənətulla.

Zamanın gəlir İmamı, İmamın çatıb məqamı,
Başını çəkir çomağa, bu vəhabi lənətulla.

Açılanda sirri-Quran, ucalanda ərşə Pünhan,
Büzüşüb dönər yumağa, bu vəhabi lənətulla.

3 may, 2001

Filansız bilinir

Dəyişib dövr nə arvad, nə də ki, qız bilinir,
Necə Avropa girib şüura amansız bilinir.

Sizə şalvar yaraşırsa, bizə şalvar yapışır,
Odu ki, bizdə tumannıyla, tumansız bilinir.

Bir müqəddəs gəlişin çoxları hiss etmədədir,
Nə iman sahibi çünki, nə imansız bilinir.

Ulu Xankənd ilə Başkənd ABŞ-ın kəndləridir.
Yəni Buşkənddi hər iksi, bu yalansız bilinir.

Gövdəsindən görünür ki, kökü yandan su içir,
Kölgəsində oturanlar isə, yansız bilinir.

Bizə bir toy tutulub ki, səsi axırda çıxar,
Çalanı köhnə çalandır bu çalansız bilinir.

Gedib Avropada əxlaqımızı dəfn elədik,
İndi statusumuz şəkkü filansız bilinir.

Çıxginən gəzməyə bir yay günü "Tarqovli"yə sən,
Burda əttövbə müsəlmanla fransız bilinir.

Yığışır hamı bu torpağa qiyamət gününə,
Olacaq sorğu-sual, Pünhan, amansız bilinr.

28 iyul, 2001

Şalvarımız evdə qalıb

Bizi çox dərinə çəkmə, arımız evdə qalıb,
Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.

Bizə tən eyləmə, neyçün belə çılpaq gəzirik,
Evimiz orda qalıb, paltarımız evdə qalıb.

Göbəyi oynadan hər cür havamız var küçədə,
Ürəyi oynadan amma tarımız evdə qalıb.

Necə on "Şirvan"a Məmməd kişi qız versin ərə,
Əriyib "qar qız"ımız qız qarımız evdə qalıb.

Kişiyik, amma ki, şortikdə gəzib fırlanırıq,
Soruşanda deyirik şalvarımız evdə qalıb.

Ən gözəl qızlarımız katibələrmizdi bizim,
Gəzirik katibələrnən yarımız evdə qalıb.

Biri mömin qız idi, o biri isə "mamlı-matan"
Matanı verdik ərə, dindarımız evdə qalıb.

O genəltdikcə yerin, yer bizə darlıq elədi,
Genimiz ermənilərdə, darımız evdə qalıb.

Bizə söz çatdıra bilməzsən, əzizim, bunu bil,
Hələ Pünhandakı söz ambarımız evdə qalıb.

20 mart, 2001

Haqq əhli bilet almadı

Səs düşsə də aləmlərə qandallarımızdan,
Bir kimsə xəbər tutmadı əhvallarımızdan.

Biz ibrəti korrupsionerdən elədik əxz,
Övladlarımızsa teleseryallarımızdan.

İşğalçılara qarşı boş icmalçılıq etdik,
Zinharə gəlib xəlq bu icmallarımızdan.

Bilməm yağı işğalı ilə razıdı, ya yox,
Biz razıyıq əmma ki, öz işğallarımızdan.

Od vurdu bizə tüstüsü çıxdı təpəmizdən,
Basdırdı ki, iz qalmaya tonqallarımızdan.

Atəşkəs olan dövrdə genral oluruqsa,
Bu rəsmdü qorxmaz yağı genrallarımızdan.

Haqqın qatarı gəlmədi, ömrün yolu bitdi,
Haqq əhli bilet almadı vağzallarımızdan.

Allahı əgər qəlbimizə biz şərik etsək,
Pünhan, qovarıq şeytanı iqballarımızdan.

4 aprel, 2002

Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

16 sentyabr, 2002

Lütün biridir

Gəlib çıxıb bu şoran torpağa şitin biridir,
Yavaş-yavaş daraşır hər yana bitin biridir.

Vəzifələrdə böyük kütləni idarə edən,
Nə çoxdu kütləsi çox, amma ki kütün biridir.

Yalan deyib yekələn, millətin yeyib kökələn,
Görüb ki, aynada piy bağlamış ətin biridir.

Onu görəndə siçan tək qaçıb girir deşiyə,
Məni görəndə qapır, guya bəd itin biridir.

Hicabı qız-gəlinə ləğv elətdirən kişinin,
Yəqin ki, qız-gəlini şəhridə lütün biridir.

İnanma hiyləsinə rəmm atıb gəzən kosanın,
Həkim babanı edən daş, ifritin biridir.

Hərami tayfasının kökləri üzüldü, Baba,
Biri yıxılsa gedər ardı, ən çətin biridir.

30 iyun, 2002

İtlər ki, karvanındadır

Hərbdən qorxmaz o kəs ki, qeyrəti qanındadır,
Düşmənindən intiqam almaq onun canındadır.

Gəl gedək əsgər, vuraq xəncər Yəzidin başına,
Zalimin mərddən payı, al qanə qəltanındadır.

Əsl qeyrət sahibi rahət yatammaz bir gecə,
Ondan imdad gözləyən qız ta ki, düşmanındadır.

Hərbi xidmətdən nə bilmək istəsən-məndən soruş,
Varlı pul, yoxsul isə can vermək imkanındadır.

Bir zaman bostan müqəvvasın yerindən laxladar,
İllər ilə atdığım daşlar ki, bostanındadır.

Torba tikməkdən keçiblər, "turba" tikmək fəndinə,
Amma hər iksində məqsəd Molla yorğanındadır.

Binəva xəlqin malıynan varlanan karvanbaşın,
Parçalar bir gün quduz itlər ki, karvanındadır.

Bir ovuc insan bazar zənn etdiyindən ölkəni,
Hər bazar, var bir yazar ki, qulpun ekranındadır.

Tez çıxıb getsin o dövran ki, şərikdir İblisə,
Tez gəlib çıxsın müqəddəs il ki, dövranındadır.

Düz qələmdən əyri çıxsa Pünhanın, yarəb, sözü,
Süst olub düşsün yazan əllər ki, ünvanındadır.

25 dekabr, 2001

Bu adam, bizim adamdır

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,
Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,
Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,
Desə erməni qudamdır, bu adam bizim adamdır.

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,
Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,
Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,
Desə ki, babam İmamdır, bu adam bizim adamdır.

7 noyabr, 2001

Vandam ağlasın

Xeyr ilən şər düşdü bir əyyamə*, əyyam ağlasın,
Qətlə yetmiş nəsli-peyğəmbərçün İslam ağlasın.

Şah Xətai bu məqamçün böylə bir fərman verib,
Bir gecə şam bərq vursun, bir gecə şam ağlasın.

Bir zaman imzasına qurban kəsənlər indi də,
Qoy həmən qurbanlara çəksin bir əncam ağlasın.

Böylə qarğış eyləmiş yəqin bizi zalım fələk,
İqtidar gülsün, əsir qızlar hər axşam ağlasın.

Bax, beş-on şirvandan ötrü əsgərin əhvalına,
Zabitin döydürdüyü cansız bir əndam ağlasın.

Məhkəmə iş verməsə bir kimsə iş verməz dedim,
Orda da yerlər dolub, qoy "Qulp"da reklam ağlasın.

Sadə fəndlərnən neçə dağ boyda insan yıxmışıq,
Qoy paxıllıqdan yanıb qeyz ilə Vandam ağlasın.

Pünhanın söz-söhbətindən inciyən, Pünhanı yox,
Sözlərin etsin qulaqlarında edam ağlasın.

10 mart, 2002

Bu millətin qulpu qırığ

Xonçalara qoyulmarıq,
Yardım olsa sayılmarıq,
Öskürsək də ayılmarıq,
Yorğanımız sırığ-sırığ,
Bu millətin qulpu qırığ.

Həyat qalıb yoldaş gedib,
Qeyrət olub nimdaş gedib,
Alt üst düşüb, üst-baş gedib,
Yubkalar da cırığ-cırığ,
Bu millətin qulpu qırığ.

Kür bulanıb Araz qalıb,
Şillə dəyib qapaz qalıb,
Bakı əhli bir az qalıb,
Qalanın da işi fırığ,
Bu millətin qulpu qırığ.

Baş yolumuz qüsurludur,
Ayaq yolu çuxurludur,
Üzümüz çoxsüxurludur,
Bellərimiz sınığ-sınığ,
Bu millətin qulpu qırığ.

Ac qurdlarla dolub meşə,
Ələ gələn, keçib dişə,
Meşəbəyi düşüb işə,
Vəhşilərlə dolub qoruğ,
Bu millətin qulpu qırığ.

Əvvəlimiz Nəbi, Həcər,
Axırımız həftəbecər,
Dəliləri Həmzə seçər,
Ağıllını zindana yığ,
Bu millətin qulpu qırığ.

24 fevral, 2001

1 2 3 4

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft