Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Acı həqiqət

Biz hara NATO hara! Qarabağ boy-boy!
Çal oynasın Əjdər əmi Ümumi dövlət olsun
Təxmis İt hürər, karvan keçər
 «Cadu» olunmuş papaqlar Azadlıq meydanı - Kərbəla
Gedin tullanmağınızın... Şəhərin «mer»inə...
İt günündə «CIDIR DÜZÜ» OLMASIN...
Bakıda kişi çoxalıb PARTAPART
Haykanuşkın gözləri Köçəryanın yuxusu

MÜXTƏLİF  ŞERLƏR

Biz hara NATO hara!

Məşədi, böylə xəbər var gələcək NATO bura,
                   Biz hara, NATO hara?

Təzə reklamda yazıb kənddə vurublar hasara,
                   Biz hara, NATO hara?

Kişi, vallah, bir aya serbləri xamuş elədi,
                   Ora «bir quş» elədi.

Bizə «quş» növbəsi kaş düşməyə bu cırhacıra,
                   Biz hara, NATO hara?

Gəlişindən hamıdan çox sevinir Fatmanisə.
                   O deyir sərfdi bizə

Yaman alver gedəcək, ağ da Qara, bağ da qara,
                   Biz hara, NATO hara?

Deyirəm arvada bəlkə bağı NATO-ya sataq?!
                   Bu bağın daşını ataq.

Deyir hardan tutarıq bəs gələn il abi-qora,
                   Biz hara, NATO hara?!

Bu amerikanlara yəqin ki, nökər lazım olar,
                   Onu da bizdən alar.

Kişilər ölkədə onsuz da qalıblar avara,
                   Biz hara, NATO hara?

Qarabağ üzrə vəkillər alar asudə nəfəs,
                   Açılar bağlı qəfəs.

Daha qaçqın-filan heç onları sıxmaz divara,
                   Biz hara, NATO hara?

Gələn ilçün gələ bilməzsə, düşər müşkülə iş,
                   Belə fal açdı Məmiş.

O biri əsrə qalarsa, düşəcək vurhavura,
                  
Biz hara, NATO hara?

Ola bilsin dedilər, NATO-da Vartan da ola,
                   Yana dartan da ola.

Bunu aşkar eləməkçün çıxıb Orxan da «şar»a,
                   Biz hara, NATO hara?

O zaman ingilisi «vurrey» ilə qarşıladıq,
                   Ona quyruq buladıq.

O yedi buterburod, bizləri tutdurdu şora,
                   Biz hara, NATO hara?

Kimi koorupsionerdir, kimi də missioner.
                   Sən isə pensioner.

Deyirəm, Əbdüləzim, sən başıvu soxma ora,
                   Biz hara, NATO hara?

Zamanın Sahibi gəlmir ki, bəşər rahat ola,
                   Ulu şahlar mat ola.

Baba Pünhan da qalıb Rac kimi yazıq-avara,
                  
Biz hara, NATO hara?

30 iyun 1999. Bakı.

Qarabağ boy-boy!

Nə qədər mümkün olursa, Vətəni soy-soy-soy,

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

Bilirəm ac canavarsan, yeginən doy-doy-doy,

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

Qarabağ şapkasın aldın, nə gəzirsən baş açıq?

                   Qarabağdan qara çıx.

Kişilikdən danışanda başına qoy-qoy-qoy,

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

«Qradın üstə çapırdım», mənə olmazdı çatan,

                   Kötüyüm Atropatan.

Dedi Xankəndinə sürmə «qrad»ı hoy-hoy-hoy.

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

Qaragöz qızlarımız qaldı əsir oldu «ona»,

                   O da göndərdi Cona.

Bu da burda oxuyur ki, qaragöz boy-boy-boy

                   Qarabağ moy-moy-moy.
                   Qarabağ mooy-mooy.

Neçə yol erməni qırdım, yatıram türmədə mən,

                   Məni heç yoxdu görən.

Mənə xain dedi, alçaq kanavoy, voy-voy-voy

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

Batıb ordun, gördüm, ordumuzun əsgərisən.        

                    Bir sümük, bir dərisən,

İrəli, marş irəli, ağzını aç poy-poy-poy,

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

Dubayı siğə edib Azərbaycan maralı,

                   Maral olmuş oralı.

Buna Məclis də yumub gözlərini, oy-oy-oy,

                   Qarabağ boy-boy-boy.
                   Qarabağ mooy-mooy.

Baba toy tutdu qələmnən kimə, Pünhan, bilirəm,

                   Onu pünhan güdürəm.

tutacaqdır o da bir gün Babaya toy-toy-toy.

                   Qarabağ boy-boy-boy,
                   Qarabağ mooy-mooy.

8 sentyabr 1998. Bakı.

Çal oynasın Əjdər əmi          

Torpağımız çadır-çadır,
Bulağımız zəhər dadır,
Bir çörəyə gedir abır,
Sovrulubdur göyə zəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Oraq bayraq altındadır,
Şahid torpaq altındadır,
Bakı ayaq altındadır,
Sönübdür bəxtinin şəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Bu yerlərin qışı qarsız,
Edamları ipsiz, darsız,
Bu millətin adı arsız,
Xəbəri yox, batır gəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Azadlığım girib dona,
Don cırılıb, çatıb sona,
Həna deyil həmən həna
Əslinin yanıb Kərəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Qarabağın maralıdır,
Vətənindən aralıdır,
Namusundan yaralıdır,
Alır əmrini erməni,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Yaman düşüb odlar yurdu,
Göz bərəlib, batıb ordu,
İblis quran krossvordu,
Həll eləmə, at qələmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Pünhan, yalvar ki, göylərə,
Müqəddəslər ensin yerə,
Sonda gələn Peyğəmbərə,
Sahib desin yer aləmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

2 mart 1999. Bakı.

Ümumi dövlət olsun

Qoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,
«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.

                                      Xüsusi sərvət olsun,
                                      Ümumi dövlət olsun.

Satıb bicə vaqonnan, tutub gici paqonnan,
Bölübdü pay atonnan, o yana qismət olsun.

                                      Xüsusi sərvət olsun,
                                      Ümumi dövlət olsun.

Qurum qədim qurumdu, axıb gedən durumdu,
Dil üstə dil xorumdu, avam cəmaət olsun.

                                      Xüsusi sərvət olsun,
                                      Ümumi dövlət olsun.

Asılmışam tacımdan, nigaranam hacımdan,
Əcəm ölür acından, əlacı rəhmət olsun.

                                      Xüsusi sərvət olsun,
                                      Ümumi dövlət olsun.

Hayan buyan, bu yandı, bu yandı, həm o yandı,
Əgərçi yanbayandı, gərəkdir ülfət olsun.

                                      Xüsusi sərvət olsun,
                                      Ümumi dövlət olsun.

Hamam hamam içində, xəlbir saman içində,
Dəvə dəlləklik etsin, bu xalqa xidmət olsun.

                                      Xüsusi sərvət olsun,
                                      Ümumi dövlət olsun.

6 oktyabr 1999. Bakı.

Təxmis

Rayona düşdü «qrad» göylərə qalxdı şivənim,
Gecə qaçdım Bakıya guya kül olmuş vətənim,
Başıma yaylığı örtdüm dedim, ey xəlq, mənim,
«Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım, budur ölsəm kəfənim».

Bakı bir şəhr ora girməmək olmaz, ey dil, ey dil,
Burda alversiz ömür sürməmək olmaz, ey dil,
Bakının qızlarını görməmək olmaz, ey dil,
«Canı canan diləmiş verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim».

Şəhərə sövq olunan, qaçmaz onun sövqündən,
Buna cəhd eyləsə zəncir qırılar tövqündən,
O səbəbdən ölürük bir-birinin zövqündən,
«Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytül həzənim».

Mənə tən eyləməyin ki, bu necə qeyrətdir,
Tüpürüb hər şey qaçmaq özü bir cürətdir,
Bakıda yurd-yuva salmaq nə böyük nemətdir,
«Tövqi-zənciri-çünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi mənim».

Bakıya qaçmışam ey dil, sümük üstündə dərim,
İndi maşallalar olsun belə gəlmir kəmərim.
Bircə Anjella çatışmır ona bu qəlbi verim.
«Eşq sərgəştəsiyəm seyli-sirşik içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim»

Ey mənim şəhri-Bakım, cümlə azarım sənsən,
Ölərəm səndən ötür, çünki bazarım sənsən,
Bunu yaz tarixə, tarixdə yazarım sənsən,
«Bülbül qəmzədəyəm bağü baharım sənsən
Dəhəni qəddi-rüxü, qönçeyi-sərvü səmənim»

O zamandan ki, yağı aldı vətən dağların,
Almışam mən də o gündən Babanın bağların,
Alışıb kəndim, əzizim, yana narın-narın,
«Edəməm tərk, Fizuli, Bakının bulvarın,
Vətənimdir, vətənimdir, vətənimdir».

17 fevral 1994. Bakı.

İt hürər, karvan keçər

Heyf, mətbularda illərnən yazıb nəşr etdiyim,

                   Haqq söz həsr etdiyim.
Bilmədim bir gün deyərlər: «yazdığın nöqsan keçər
                   İt hürər, karvan keçər».

Leninin çiynindəki şalban bizə yükdür hələ,
                   Hər siyasət bir tələ.
Kommunistdən kommunistə ilbəil şalban keçər,
                   İt hürər karvan keçər.

İt fəlakətdən xəbərdar eyləyər karvanları,
                   Yol azan sarvanları.
Hürməyin kəsməz o, ta ki, düz yola sarvan keçər,
                   İt hürər karvan keçər.

Bir polis vallah görə bir tində məzlum can verir,
                   Canı lap çoxdan verir.
Ortada pul yoxdursa, o həndəvərdən yan keçər,
                   İt hürər karvan keçər.

Çox məsəllər var onu, biz işdə isbat etmişik,
                   Həm də üç qat etmişik.
Mehriban düşmana «Tayfun»lar gəlib hardan keçər,
                   İt hürər, karvan keçər.

Biz buruq qurduq, buruq işlər gəlib sahman ola,
                   Xalqa xoş dövran ola.
Sanma, şər-böhtan olan bir yerdə iş sahman keçər,
                   İt hürər, karvan keçər.

Hər şeyə hakim olan dollar bitən yollardadır,
                   Güc-qələm qollardadır.
Bir zamanlar haqq gələr dollar ölər, Şirvan keçər,
                   İt hürər, karvan keçər.

Çox dedim məclis düşünsün, qız-gəlin iqbalını,
                   Millətin lüt halını.
Milli Məclis qarşısından türk qızı üryan keçər,
                   İt hürər, karvan keçər.

Yaz-yarat Pünhan, Vətənçün, xəlq üçün qoy yadigar,
                   Haqqı yaz, rəhmət apar.
Gün gələr, mütləq bu Yerdə Haqq ilə dövran keçər,
                   Suçlu bir karvan keçər.
                   İt hürər, Pünhan seçər,
                   İt hürər, karvan keçər.

22 iyun 1999. Bakı.

FELYETONLAR

 «Cadu» olunmuş papaqlar

Deyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.

Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!

Yaxşı ki, o vaxt indikilər olmayıb, yoxsa yazıq Sabirə «Kim nə deyər bizdə olan qeyrətə» sözünə görə yəqin ki, 10-15 il sırıyardılar. Qayıtdılar mənə ki, yatmısan fil qulağında, elə 907-ci maddənin qüvvədə olmasına Sabir səbəb olub da! Sən demə BMT-də bu işin düzəlməsinə bir neçə dəqiqə qalmış Karapet adında bir Bakı ermənisi qoltuğunda «Hop-hop namə» özünü yetirib BMT-yə ki, ara, dayanının, bu millətə yardım-zad verməyin. And olsun o «Qriqoryan»a ki, bunlar heç o yardımın 10 faizini də qaçqınlara verməyəcəklər. Hamısını bazar-dükanda satdıracaqlar. Bir halda ki, Yerevanda maşınlar Bakı benzini ilə işləyir, bir halda ki, bunların əsir qız-gəlinlərinin başına min oyun açırlar, amma hamı kefdədir, de görüm ay Kofe müəllim, hansı yardımdan söhbət gedə bilər?!

Ermənilər neçə ildir, elə bil iynə üstündə oturublar. Deyirlər ki, müsəlmanlar indi gələr, bu saat gələr, indi gələr, bu saat gələr. İnanın, qorxularından ürəkləri bir tikə olub. Yaxşı ki, biz - Bakı erməniləri Yerevanla tez-tez əlaqə saxlayıb vəziyyəti onlara xəbər veririk. O gün özüm zəng eləmişdim, dedim arxayınçılıqdır. Papaqlar da öz işini görür. Qarabağ bunların tamamən yaddından çıxıb. Əşşi, villa tikən kim, maşın alan kim, pul yığan kim, restoran açan kim.

Bakıda bir vur-çatlasındır ki, gəl görəsən, Bunları deyib Karapet az qaldı «Hop-hop namə»ni soxsun Kofe Annanın gözünə ki, hələ 100 il bundan qabaq Sabir bu millət haqqında gör nə deyib: «Kim nə deyər bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə.». Bir əsr keçsə də bu millətin qeyrəti dala gedir ki, qabağa getmir. Bax ona görə də «907!» qüvvədə qalmalıdır.

Kapapetin dedikləri bir qoz. Amma o, papaq söhbəti nə idi, bax bu fikir məni götürdü. Yadıma bir şey düşdü. Bizim biznesmenlər çox yaxşı eləyiblər ki, o, «norka»ya bənzər papaqlar var a... biri bir-iki «şirvan»a, götürüb töküblər Azərbaycana, lap düz eləyiblər. Fikirləşiblər ki, heç olmasa uzaqdan baxanda millət başı papaqlı görünsün çeçenlər kimi. Vallah çeçenlərin hökumət nümayəndələrinin müşavirəsinə televiziya ilə baxdıqda onların başındakı papaqları görəndə adamın bağrı yarılır. Gör yazıq uruslar nə çəkir. Bəlkə elə Yeltsini infarkt eləyən onların papaqları olub. Quşların verdiyi xəbərə görə, erməni mafiyasının Fransadakı «Cadugər» kompaniyası Azərbaycana gələn papaqlara cadu eləyib. Bu papaqlardan kim başına qoyursa, o saat Qarabağ məsələsini unudur, kefi kökəlir, erməniyə münasibəti yaxşılaşır, nə bilim nə... nə... nə... Bu sözü eşidən kimi hirs vurdu başıma. Dedim, köpək uşaqları gör nəyə əl atıblar. Mən sizin başınıza bir oyun gətirim ki, gəl görəsən.

Partizan dəstəsi düzəldib düz Yerevana kimi gəlməsəm, heç atamın oğlu deyiləm. Telefon kitabçasını götürüb, başladım bir-bir dostlarıma zəng eləməyə ki, nə vaxta qədər qırt toyuq kimi yumurtalarımızın üstündə oturacağıq, gəlin hərəkət eləyək, bəs bizim kişiliyimiz?

Hirsimdən trubkanı yerinə elə çırpdım ki, iki bölündü. Bu məqamda bir onu hiss elədim ki, kimsə başıma nə isə keçirtdi, gördüm uşaqların anasıdır. Papağımı qoyub başıma ki, dur get, havada bir az gəziş, hirsin soyusun. Doğrudan da, papaq başıma keçən kimi, sakitləşdim, tamam başqa adam oldum. Kefim kökəldi, kresloda oturub ayaqlarımı bir-birinin üstünə aşırdım, dedim ay arvad, yaxşı bir çay gətir, deyəsən mənə təb gəlir. Və bədahətən başladım nə başladım:

Üç maşın, on beş otaq, nəyimə gərəkdir Qarabağ,

Bura dərya, ora dağ, nəyimə gərəkdir Qarabağ.

«Qıdı kirvə»m də mənimlə, qapı bir qonşu düşüb,

Vururuq gündə araq, nəyimə gərəkdir Qarabağ.

Milli Məclis Qarabağ haqda danışmırsa əgər,

Etmirəm mən də maraq, nəyimə gərəkdir Qarabağ

Deyirəm yaxşı ki, çox qurdalamırlar bu işi,

Dolanır arvad-uşaq, nəyimə gərəkdir Qarabağ.

Çayı içib arvada dedim ki, yerimi sal yatıram, cəhənnəm olsun Qarabağ da, o da, o birisi də. Çay məni tərlətdi, papağımı çıxardıb tərimi sildim. Dedim yox e, mütləq partizan dəstəsi düzəldəcəm. Lap məni öldürsələr də düzəldəcəm. Düzəltməsəm, atabatama... Yenə arvad papağı keçirtdi başıma. Hə indi «toçno» bildim ki, quşların verdiyi xəbər düz imiş, yoxsa yazıqları verəcəkdim məhkəməyə, 10-15 milyon qoyacaqdım bellərinə, sonra həmin pulu keçirəcəkdim qaçqınların yardım fonduna, ordan da təzədən mənimsəyəcəkdim. Nə isə, quşların da işi belə düzəldi, getdilər uçmaqlarının dalınca.

Bəli, qəzet üçün yaxşı bir maraqlı fakt keçmişdi əlimə. «Cadu» olunmuş papaqlar. Başladım eksperimentlər eləməyə. Papağı qoltuğuma vurub üz tutdum dayanacağımıza ki, şəhərə gedim. (Rəsulzadə qəsəbəsi) Gördüm dayanacaqda bir çal-çağırdı. bir vur-çatlasındır gəl görəsən. «Usilitel»ə o ki, var xod verən, kasset satan və onun ətrafına yığılanlar, vallah, elə bil torpaqları əlindən gedən adamlar deyildilər. Bunlarda bir əhval-ruhiyə var idi ki, elə bil doşab almışdılar, bal çıxmışdı. Kasset satan papağını gözünün üstünə qoyub arsız-arsız çırtma da çalırdı. Yaxınlaşıb ona dedim: Olar papağınıza baxım? O, başüstə deyib, papağı çıxardıb mənə verdi. Və əlüstü oyun havasını başqa bir kassetlə əvəz etdi.Orda bir nəfər «Andronik»ə müraciətlə belə deyirdi:

Burun yekə, başın tabaq, bir qulaq oğlu, bir qulaq.

Qulaqdan olmusan çolaq, bir qulaq oğlu, bir qulaq.

Cıdır düzündə bir zaman çapar yenə, çapar atın,

Bir az da gözlə bir olaq, bir qulaq oğlu, bir qulaq.

Görəndə göyçək «axçi»ni, ağızda leysan oldu su,

Dedik bunu gərək alaq, bir qulaq oğlu, bir qulaq.

Bir az da gözlə qeyrətə, imana, dinə qoy gələk,

Oruc tutaq, namaz qılaq, bir qulaq oğlu, bir qulaq.

Ermənilərdə bir «kişi» sən olmusan eşitmişəm,

Türk sənə tikdi «darbalaq», bir qulaq oğlu, bir qulaq...

Gördüm hər şey düzdür, marağım get-gedə artdı, avtobusa minib «Gənclik»ə gəldim. Burada da bir vur çatlasın idi ki, gəl görəsən. Mahnı sədaları altında şıdırğı alver gedirdi.

«Audio-toçka»dan yüksələn «Laçınım» mahnısı adamın ürəyinə dağ çəkirdi. Lap içim sızıldadı. Ətrafa nəzər saldım. Gördüm yox, bu məndən başqa bir kimsənin vecinə deyildi. Şıdırğı alver gedirdi. Basabas da ki, bir yandan. Metrodan çıxanların ayağı, özlərindən asılı olmayaraq ya fındıq, ya da qoz kisəsinə girirdi. Biri qışqırırdı ki, ayə, fındığımı dağıtdın, o biri özünü dağıdırdı ki, ayağını qozumun üstündən götür, xəşili çıxdı ki... Nə isə, alverçilərin səs-küyündən qulaq tutulurdu. İt yiyəsin tapa bilsəydi, tanıyardı. «Laçınım», «Laçınım» sədaları da çoxunun əsəblərini yerindən oynadırdı. Amma nədənsə heç kim danışmırdı.

Bu da yəqin bizim millətin südlə gəlib, sümüklə çıxan xasiyyətlərindən biri idi ki, niyə mən danışım pis olum, qoy başqası danışsın da?! İnanın ki, heç futbol vaxtı stadionun gücləndiricisinə belə xod vermirlər. Kasset satan oğlan isə mahnı qurtaran kimi onu təzədən oxudurdu. «Nə bilim, nə olub, torpağında sürünnəm, Laçınım, Laçınım, Laçınım mənim». Birinin əsəbləri daha dözmədi. Yaxınlaşıb kaset satanın yaxasından yapışdı ki, ə, kəs onun səsini, yoxsa maqnitofonunu sındıraram. Və ürəyi açıldı nə açıldı...

O, elə bərkdən danışırdı ki, hətta dispeçer «budka»sından durub gəlmişdilər, görsünlər nə baş verib.  Onun başına yığılanların sayı artırdı. Kaset satan özünü itirmişdi. Mahnı səsi çoxdan kəsilmişdi. Amma onun səsini heç kəs kəsə bilmirdi. İzdihamın çoxaldığını görən «natiq» getdikcə qızışırdı: Ay qardaşlar, mən özüm Laçındanam, ancaq belə mahnılar eşidəndə xəcalət çəkirəm. Sürünmək nədir, inləmək nədir, sızlamaq nədir? Ayə, kişi olun, kişi mahnısı oxutdurun ki, camaatı intiqama səsləsin, mübarizəyə səsləsin. Elə mahnı ki, bütün qaçqınları ayağa qaldırsın, ata yurduna çağırsın. Axı nə vaxta qədər kimsələr qoltuqlarda, kimsələr küçələrdə, kimsələr də «Süleyman» mülklərində yaşayacaq. İlahi, nəyə görə bizim millətin mübarizədən çox «yas»a həvəsi var. Şəhid olan kimi tələsik dəfn edib ağla, ölümünə şerlər həsr elə, bir qəhrəman adı da ver, vəssalam. Onun qanını almaq isə bir kimsənin fikrindən keçməz. Ay qardaşlar, hara gedirsən qulaq batıran şən mahnı sədaları göyə yüksəlir. Axı toy deyil, bayram deyil, ayıbdıır axı. Biz gərək biabırçılıqdan, başımızı soxmağa yer tapmayaq. Amma özümüzü qoymuşuq arsızlığa. Axı özünüz bilirsiniz ki, Bakıda nə qədər erməni var. Onlar bizim aramızdadır axı, bütün bunları özününkülərə çatdırırlar axı...

Hər yanda manqallar qurub, kabab çəkirlər, hər kababçının yanında da «yüz-yüz» xana. Manqallardan ətrafa yayılan tüstü acların ağız və burunlarından içəri dolub içlərində qara qəm buludlarına dönür. Və çox keçmir ki, bu məzlumların içində əsəb şimşəyi çaxır, qəm buludları parçalanır. Parçalanmış buludların yağışı, xəcalətdən aclıqlarını büruzə verə bilməyənlərin aşağı dikilmiş başlarında göz yaşına və ağız suyuna çevrilir. Görəsən, bu şəhərin bir böyüyü yoxmudur ki, nadanlıqları ucbatından düşmən dəyirmanına su tökənlərə xəbərdarlıq eləsin, bu şeylərin qarşısını alsın. Bəlkə elə bunu qəsdən edirlər ki, Qarabağ unudulsun və heç kəsin bu haqda düşünməyə macalı olmasın.

Bu dəmdə uzaqdan bir nəfərin cır səsi eşidilir: «Ay camaat, ona qulaq asmayın, o dəlidir, əlində kağızı da var. Hə, hə, ruhi xəstədir».

Deyirəm, xaricilərdən bu mənzərəyə baxan bir adam olsaydı yəqin edərdi ki, bu məmləkətin dəlisi belə ağıllı sözlər danışırsa, gör ağıllısı nə danışar. Fəqət onun xəbəri yox idi ki, bizim ağıllılarımız öz ağıllarını belə boş şeylərə sərf eləmirlər. Bəli, cır səsli adam, danışan adamı ruhi xəstə adlandırandan sonra, bayaqdan bəri cınqırını da çıxarmayan izdihamda söz-söhbət başladı. Axşama yaxın idi. Hava soyumuşdu. Mən onun soyuqdan əsdiyini gördüm. Əyni nazik papağı da yox idi. Yaxınlaşıb, qoltuğumda gəzdirdiyim o «cadu» olunmuş papağı onun başına qoydum. Üzü güldü, əllərini bir-birinə sürtüb dedi:

- Ay camaat, bilirsiniz nə var? Beş günlük dünyadır, yeyin-için, kef eləyin. Cəhənnəm olsun Qarabağda, o da, o birisi də, Laçın məsələsinə gəldikdə isə Məşədi İbad demişkən, o olmasın, bu olsun. Yəni, Laçının özü olmasın, onun Sumqayıt yolundakı filialı olsun. Elə Danabaş kəndinin Bakı filialı kimi, alverinizdə olun, kefinizdə olun, dağıdın, talayın çapın, şair demişkən:

Nə qədər mümkün olursa, Vətəni soy, soy, soy,

                   Qarabağ boy, boy, boy.

                   Qarabağ mo...oy, mo...oy

Bilirəm ac canavarsan, yeginən, doy, doy, doy,

                   Qarabağ boy. boy, boy,

                   Qarabağ mo...oy, mo...oy

Camaat gülməyə başladı. Yerbəyerdən səslər eşidildi: «Bu, doğrudan da, dəli imiş ki. Gah nala vurur, gah da mıxa». Kaset satan yenə də həmin mahnını qoydu. Yenə də «ilan olub torpağında sürünnəm, Laçınım, Laçınım, Laçınım mənim» sözləri kabab tüstüsünə qarışıb camaata sirayət etdi. Hamının ovqatı yaxşılaşdı. Papaq məsələsindən isə, əlbəttə, heç kəsin xəbəri yox idi.

Bəli, biz ilan deyilik, amma sürünənlərdənik. Biz bir parça çörəkçün gecə-gündüz küçələrdə sülənənlərdənik, biz bir sürü məzlumlarıq, biz bir sürü köçgünlərik, biz bir sürü yersizlərik, biz bir sürü yerlilərik, biz bir sürü qeyrətsizlərin felinə düşənlərik. Biz, qəbrinə and içmək üçün atamızı öldürənlərdənik...

Basabas idi... Adamları aralaya-aralaya metroya sarı yollandım. Keçiddə düzülən alverçilərin əlindən camaat metrodan bayıra çıxa bilmirdi. Alverçilər əllərindəki malları az qala adamların gözünə soxurdular. Hirslənmişdim, bu basabasda qabağımda bir bığıburma peyda oldu. Onu görüncə lap özümdən çıxdım. Kişinin bir çiynində qara, o biri çiynində isə tünd qırmızı rəngdə qadın alt paltarı sallanmışdı. Dedim, bu daha ağ oldu, əində bu paltarlardan satan kişi görmüşdüm, amma çiyninə qoyub belə reklam eləyən görməmişdim. Canımı dişimə tutub soruşdum:

- Qaqaş, çiynindəki neçəyədir?

O, məətəl-məətəl üzümə baxdı.

- Başa düşmədim, nə çiynimdəki, nə neçəyədir?

- O da... onu deyirəm də... o çiyninizdəkini.

Həmin adam çiyninə baxanda xəcalətindən qıpqırmızı qızardı və çiynindəkiləri hirslə götürüb yerə çırpdı.

Çiyinlərindən «alt qadın ləvazimatları» sallanmış o bığıburmada sən demə heç bir günah yox imiş. Bunlar, sərnişinlərlə alverçilərin sıx basırığında o yazığın çiyinlərinə asılqanlardan düşübmüş. Amma nə yaxşı ki, metronunun girəcəyində onunla rastlaşdım. Yoxsa papağım elə o laçınlıda qalacaqdı, qayıdıb götürdüm. Bəli, papaqların «cadu» olunduğuna heç bir şübhəm qalmamışdı. Amma bunu yuxarılara inandırmaq üçün kifayət qədər dəlil olmalı idi. Çünki o dairələrdə «cadu»ya, «vergi»yə inanmırlar. Amma əslində isə onların çoxu öz işlərini «vergi»lilər vasitəsilə qurub həyata keçirirlər.

Papaqların ermənilər tərəfindən «cadu» olunmasını baxıcı da təsdiqləmişdi. Və bunu da əlavə etmişdi ki, Fransadakı erməni cadugərləri bu işdə meymun tükündən istifadə etmişdilər. Baxıcının yanından çıxandan sonra fikir məni götürdü. Niyə məhz meymun tükü. Bəlkə bu «obezyan» məsələsidir. Deyəsən, tapmışam, hə, hə. Sən öl, tapmışam. Qədim insana bənzər meymun icmaları elə ermənilər olublar. Darvinin nəzəriyyəsi düzgün imiş. Bu nəzəriyyəni səhvən bütün bəşərə aid ediblərmiş. Sən demə ermənilər bəni-meymun, qalanları isə bəni-Adəm imiş. Hər şey düz çıxır. Əla. Yaxşı, axı «obezyan» ruscadır. Bəs bu necə olsun. HƏ, bildim. Axı tarixin bütün dövrlərində ermənilər, türkün məsəli, rusların həmişə «yanına» giriblər. Fikir versən görərsən ki, hər iki millət həmişə başqasınınkını özünküləşdirməyə çalışıb. Məsələn, biz Adəm övladı ola-ola, onu adını özlərinə familiya gtürüblər. Adamyan, ruslarda Adamov.  Çünki, Meymunyan və ya Obezyanov desəydilər kökləri bilinərdi...

«Gənclik»dən birbaşa «20 yanvar» stansiyasına gəldim. Keçidlərdən keçmək qeyri-mümkün idi. 4 cəhətin dördündən də istifadə etmişdilər. Yer, göy hər yan pal-paltar idi. Sərnişinlər bir-birinə sürtünə-sürtünə metrodan çıxırdılar. Deyirəm Allah eləməmiş metroda bir qəza baş versəydi, bir nəfər də olsun burdan çölə çıxa bilməzdi.

Alverçilərin çoxu papaqlı idi. Yəni, məni maraqlandıran papaqlardan. Onlardan birinə yaxınlaşıb soruşdum:

- Ay qardaş haralısan?

- Metrolu...

- Yox e, əslin hardandı?

- Əslim «Çadır» düzündən.

- Qarabağ haqqında düşünürsənmi?

- Qarabağ? Hə, nəsə belə bir yer adı var idi.

- Necə yəni var idi. Bəs erməni... müharibə...qaçqın...filan...

- Qardaş, deyəsən sənin başın xarab olub, qoy alverimi eləyim. Bu dəmdə uzaqdan bir nəfərin çiynində tele-kamera gəldiyini gördüm. Mənim tanışlarımdan idi. Yaxınlaşıb əhvalatı qulağına pıçıldadım və xahiş etdim ki, bir işdə mənə kömək etsin. Razılaşdıq. Üzümü camaata tutub uca səslə elan etdim: «Əziz alverçilər və sərnişinlər. Biz «Papaq» filminin 2-ci seriyasının çəkilişini aparırıq. Xahiş edirik, bir epizodda bizə kömək edəsiniz. Kimin başında papaq varsa, çıxarıb tutsun əlində».

Hamı yerbəyerdən papaqları çıxarmağa başladı. Birdən-birə vəziyyət dəyişdi. Aləm qarışdı biri-birinə. Eyni ilə 11 il qabaq meydandakı izdiham kimi. Camaat başladı, nə başladı: «Qa-ra-bağ, Qa-ra-bağ!»  səsləri bütün metronu bürüdü. Biz Qarabağa gedirik. Bizə silah verin. Biz vətənimizi istiyirik. Biz başqalarının yerini dar eləmək istəmirik. Bizi Qarabağa göndərin. Onların başlarına itin oyununu gətirək, artıq hər şeyi başa düşmüşük». Polislər tökülüb gəldi. Onlar da qoşuldular izdihama. Başımı lap itirmişdim. Hamı elə qızışmışdı ki, bunlara silah versəydin, bircə günə Yerevana gedib çıxardılar. Dedim ay camaat, tez olun papaqları qoyun başınıza, çəkiliş qurtardı. Papaqlar başlara qoyuldu.Bir anlıq sükut hər yanda hökm sürdü. Heç kəs nə baş verdiyini anlamırdı. Hamı pörtmüş halda bir-birinin üzünə baxırdı. Birdən-birə hər şey dəyişdi. Üzlər güldü, keflər kökəldi. Alverçilər  çırtma çala-çala oxumağa başladılar:

«Bura dərya, ora dağ - nəyimə gərəkdir Qarabağ,

Dolanır arvad-uşaq-nəyimə gərəkdir Qarabağ!

Öz-özümə dedim, vəssəlam. Hər şey təsdiq olundu. Milli Məclisə xəbər verməliydim ki, ölçü götürsünlər. Camaatı itələyə-itələyə tələsik metrodan çıxdım. Ürəyim bərk döyünürdü. Elə bil böyük bir sirr açmışdım. Elə bil Qarabağın geri alınmasının yolunun başlanğıcını tapmışdım. Başımda cürbəcür fikirlər bir-birinə qarışmışdı. Elə bilirdim ki, yuxarılara xəbər versəydim onlara hər şey aydın olacaqdır. Başa düşəcəkdilər ki, təkcə papaqlar yox, bütün Azərbaycan «cadu» içindədir. Azərbaycan tilsimdədir. Bu tilsimi qırmaq lazımdır. Cadular və tilsimlər iblis tərəfindən törədildiyindən bilirdim ki, bu qüvvələrə ancaq müqəddəslər tərəfindən həqiqi «vergi»ləri olan adamlar qalib gələ bilər. Tələsirdim, o qədər tələsirdim ki, elə bilirdim bir dəqiqə boşa getsə hə şey pozular. Telefon avtomatlarından birinə girib Milli Məclisə zəng elədim:

- Alo, sipikeri istəyirəm, sipikeri.

Səs o qədər də yaxşı eşidilmirdi.

- Eşidirəm, danışın, nə lazımdır, kimdir?

- Alo, sizə mühüm bir xəbər çatdırmalıyam. Azərbaycana gətirilən papaqlara «cadu» olunmuşdur. Camaata Qarabağ məsələsini unutdurmaq üçün. Sübutum, dəlilim var...

Telefonda hər kim idisə, mənə bir nömrə verib dedi ki, ora müraciət elə. Baxıb gördüm ki, bu psixiatr Ağabəy Sultanovun nömrəsidir. Dəstəyi çırpıb bayıra çıxdım. Fikirləşdim ki, ay Allah bu dərdi kimə desəm məni başa düşər? Bəlkə prezidentə zəng eləyim? Hə, hə. O, müdrik insandır. Bu müəmmanı ancaq oaça bilər. Tələsik cibimdən bloknotu çıxarıb vərəqlədim. Və Prezident Aparatının nömrəsini tapıb ora zəng vurdum. Telefonu aparat işçilərindən kim götürdüsə adını demədi.

Dedim:

- Alo, xahiş edirəm dəstəyi yerə qoymayasınız. Mənə qulaq asasınız. Məni prezidentlə calaşdırın. Ona mühüm xəbər çatdıracağam.

Telefondakı gülür:

- Vətəndaş, siz mənə deyin, mən özüm ona çatdıraram.

- Alo, zəhmət olmasa, prezidentə xəbər verin ki, Azərbaycan tilsimdədir. Azərbaycanı İblis idarə edir. Təcili ölçü götürsün!

-  Dud...Dud...Dud...


Azadlıq meydanı - Kərbəla

26 sentyabr. Axşam saat 22:00. Otuz  doqquz zəvvarla, «Azadlıq» meydanından Kərbəla ziyarətinə yola düşürük. Bu ziyarət haqqında kifayət qədər kitabçalar nəşr edildiyindən, təkrara yol verməyərək, öz qələmimə uyğun, qısa qeydlər yazmaq istəyindəyəm.

... 4 oktyabr 1998-ci il. Kərbəla şəhəri.

On dörd əsrə yaxın, hər il məhərrəm ayında yasını saxladığımız, nohələr deyib göz yaşları axıtdığımız İmam Hüseyn və onunla bir yerdə 72 şühədanın məzari-şərifləri önündə həyəcansız mümkün deyil.

...İmam Hüseyn və Həzrət Abbas məscidi.

Azərbaycan zəvvarları, göz yaşları içində əllərini məzari-şərifin dəmir barmaqlıqlarına sürtə-sürtə, onları öpə-öpə, Allah-Təaladan niyyət diləyirlər. Niyyətlərin əvvəli də, axırı da Qarabağ, Azərbaycanda haqqın bərqərar olması, bu ölkədə yalana, riyaya, rüşvətə, saxtakarlığa son qoyulmasıdır. Zəvvarların ucadan söyləndikləri dilədiklərə mərcümanların qəribəliklə baxmaları açıq-aydın hiss olunur.

Bəli, niyyətlər məhz belə idi. O niyyətlər idi ki, biz onları heç vaxt Milli Məclisin gündəliyində eşitməmişdik.

... 72 şühədanın məzari-şərifi.

Günahsız insanların, nizələrə keçirilmiş kəsik başları, göz önünə gətirildikcə, elə bil adamın üstünə od tökülür.

Və istər-istəməz, fikirdən belə bir şey keçir, nə yaxşı ki, bizdə baş kəsmirlər; - yeyirlər.

Nədənsə adama elə gəlir ki, bu daha yumşaq cəzadır. Məsələn, filankəslərin əmri ilə, beşmankəslərin başını yedilər. Biz axı Yezid deyilik baş kəsək. Yezid hara, biz hara.

... Fərat çayının sahili.

Yezid qoşununun, suyun qabağını kəsdiyi yer. Hamı Yezidə lənət oxuyur. Nə yaxşı ki, məmləkətimizdə Yezid kimilər yoxdur.

Doğrudur, bizdə də suyu kəsirlər, amma su pulunu verməyəndə. Bu tamamilə başqa şeydir. Şollar suyumuzu butulkalara doldurub, baha qiymətə özümüzə satırlar, bu da tamam başqa şeydir. Allah Yezidə lənət eləsin. Əşşi, Yezid hara, biz hara?

İraqda dilənçi həddindən ziyadədir. Bizə min şükür. Dilənçilərimizin güzaranına min şükür. Ağızlarındakı qızıl dişlərə min şükür! Onlardan «insafla»la alınan haqlara min şükür. Bizim cocuqlarımızı dilənçiliyə öyrədən «dilənçi mafiyaları»na min şükür.

Soruşdum ki, sizdə müharibə əlilləri dilənmirlər ki? Dedilər yox. Blokada rejimində yaşasaq da əlillərə yüksək səviyyədə qayğı göstrilir. Belə olmasa bir də müharibə başlayacağı zamanda o birilər getməz axı. Həm də onların ömürlük itirdikləri Vətən üçün, xalq üçün olub. Bir insan özgəsinə görə şikəst olursa ona baş əymək, qayğı göstərmək borcdur. Məndən soruşanda ki, bəs sizdə əlillərə qayğı necədir, inanın ki, cavab verməyə söz tapmadım. Elə qəhərləndim ki, onların bir parça çörəyə möhtac olduqlarını, hara müraciət etməsələr «getməyəydin, səni mən göndərmişəm?» cavabları ilə təhqir olunduqlarını deyə bilmədim. Deyə bilmədim ki, bizim məmləkətdə müharibə əlilləri zillət içində, müharibədən yararlananlar isə sərvət içində yaşayırlar.

Məsciddən çıxanda, xırda alverçilər-təsbeh, möhür və s. satanlar üstümüzə cumurdular. Biri qolumdan tutub, məndən əl çəkmirdi. Əlindəki xırda salafan, paketlərdə nə var idisə, onları mənə satmaq istəyirdi. Ərəbcə bilmədiyimdən heç nə anlamırdım.

Nəhayət başa düşdüm ki, paketlərdə satdığı torpaqdır. Ürəyimdə güldüm. Dedim ki, sən torpaq satmaq nə bilirsən? Torpağı satarlar, hektarla, kilometrlərlə, yoxsa ki, salafan paketlərdə?

... İraqda həkimə ehtiyac çoxdur.

Soruşdular, sizin səhiyyədə vəziyyət necədir. Ürəyimdə dedim, əlp. Nazirimizin adı, imam adı, familiyası da hamımızın adı.

Dünya ölkələrindən fərqli olaraq, bizdə «cib» insanın üzvlərindən biri sayılır. Haran ağrıyır, ağrasın, fərqi yoxdur, əməliyyat əvvəlcə bu üzvün üstündə aparılır.

... Kufə şəhəri...

Kufə məscidinin həyətində Həzrət Əli Əleyhissəlamın Ədalət məhkəməsi apardığı yer. Hamımız namaz qılırıq. Və allahdan Azərbaycanda belə bir məhkəməninin «Ədalət məhkəməsi»nin bərqərar olmasını diləyirik.

Kufə şəhərində Həzrət Əli (Ə)nin evi.

Allahın İmamının və ərəb xəlifəsinin evi, bizim dövlət məmurlarının qarajından kiçik idi.

Bağdad şəhəri...

Oğurluq haqda söz-söhbət gedir. Deməli o vaxt «Bağdad oğrusu» filmi nahaq çəkilməyib. Biz şəhəərdə olarkən, oteldə zəvvarlardan birinin otağından 50 dollar pul aparırlar.

Otelə qayıdanda, bu işdən xəbər tutan kimi maraqlanmağa başlayıram. Məni maraqlandıran əlbəttə ki, İraq polisinin oğurluğa münasibəti və işləmə prinsipi idi. Bu işdə mənə İrandan zəvvarlar gözləyən kərkük Mahmud kömək edir. Deyir, oğurluğa görə 20 il iş kəsəcəklər. Gözlərim kəlləmə çıxdı.Deyir hələ iş verməmişdən o qədər döyəcəklər ki, gəl görəsən, hətta ayaqlarından asacaqlar. Axı, günahkardır.

Dedim, günahsızı necə, sizdə döyürlərmi? Dedi elə şeymi olur? Bəlkə...Sizdə...

Dedim, Bizdə nəinki günahsızı, heç günahkarı da döymürlər. «Sobstvenni» oğurluğu deyə bilmərəm, amma o «Xalq oğruları» ki var, yəni xalqın malını, elin sərvətini talayıb, oğurlayıb, özünə villalar tikənlərə, mersedeslər alanlara qətiyyən söz demirlər, heç belə çırtma da vurmurlar. Çünki ... Hələ çünki...

... Samirə şəhəri...

İmam Sahib Zamanın (Ə) qeyb olduğu yer. Mağara.

Bəli, bütün bəşər əsrlərdir ki, ədalətin və haqqın carçısını gözləyir. Və bilirlər ki, o mütləq gələcək. Bunu cahan hökmdarları hamıdan yaxşı bilir. Hər hökmdara öz bilicisi, öz görücüsü dünyanının sonu haqda çoxdan xəbər verib. Fəqət heç kəs bunu biruzə vermək istəmir. Daha doğrusu heç bir hökmdar o xilaskarın gəlməsini istəmir, o sorğu-sual gününün olmasını istəmir. 2000-ci il yaxınlaşdıqca dünya şahları iynə üstündə oturmuş kimidirlər. Hiss edirlər ki, oturduqları taxt onların deyil. Hiss edirlər ki, Zamanının və dünya adlı məkanın öz sahibi gəlməlidir. Hiss edirlər ki, Allahın yaratdığı insan üçün, insan, insan özü qanun yaza bilməz. Çünki, yaradılanı, yaradanın öz qanunları, öz göndərdiyi müqəddəs insan idarə etməsə bu bəşər nicat tapa bilməz.


Gedin tullanmağınızın dalınca!

Bizim məmləkətdə bəzi şeylərin pulnan olduğunu bilirdim. Əttövbə, tullanmağın yox. Bunu da bildim. Yatıb yuxuma da girməzdi ki, abituriyentlərinin əksəriyyətini qızlar təşkil edən litseylərdə, məktəblərdə, texnikum və institutlarda bizim müsəlman qızlarına idman dərsini kişi müəllimlər keçə. Dar retuz və ya şortik geyinmiş bir dəstə yeniyetmə qızı, bir kişi qabağına qatıb kross qaçıra, hoppandıra, nə bilim onlara cürbəcür hərəkətlər etməyi öyrədə. Bunu gözümlə görməsəydim inanmazdım.

İdman dərsi uzunluğa tullanmaqdan başlandı. Qızlardan kimi 2 metr, kimi 2,5 metr, kimi də 3 metrə qədər tullandı. Müəllim hər üçünə «2» yazdı. Qızlardan birinə yan alıb soruşdum ki, bəs «2» almamaq üçün neçə metr tullanmaq lazımdır. Dedi, 4 metr. Açığını bilmək istəyirsinizsə, ya 4 metr tullanmalısan, ya da bir «şirvan» verməlisən. Metrəsi 2500 manatdır. Şükürlər olsun ki, bizim texnikum ucuzluqdu.Mən elə məktəb tanıyıram ki, orda hündürlüyə tullanmağın metrəsi 5 «məmməd»dir. Müəllim hündürlük taxtasını qoyur 2 metr ölçüsünün üstünə, pulun yoxdursa, taxtanın üstündən tullanırsan, varsa altından keçirsən. Dedim, qızım müəllimizin adı nədir? Dedi, Qeyrət müəllim. Bəli, Qeyrət müəllim bığıburma olmasa da, saçıburma bir kişi idi. Deyirlər insanının adı özünə uyğun olur. Doğrudan da, bu kişiyə baxanda əyninə geydiyi dar «cins»indən onun əsli, nəsli, cinsiyyəti məlum eləyirdi. Qeyrət müəllimin «2» yazdığı qızlar, yaxınlaşıb ona yalvarmağa başladılar ki, ay müəllim, başına dönüm, qadanı alım, bəs semestr yaxınlaşır, amanın bir günüdür bizi «kəsir»li eləmə. Qeyrət müəllim, bir o yana, bir bu yana baxdı, barmaqlarının ucu ilə saçlarını burub, bir ayağını qabağa qoyub, sanki Koroğlu «stoyka»sını aldı və acıqlı-acıqlı dedi:

- Ey mənim «nigar»larım, pulunuz var, verin canınızı qurtarın, yoxdursa, gedin tullanmağınızın dalınca. Vsyo!

Stadionu dolaşa-dolaşa demək olar ki, idman növlərinin bütün qiymətlərini öyrəndim. Uzununa qaçmaq bir «şirvan», yanbəki qaçmaq «şirvan yarım».    Dedim, dayan-dayan, heç «yanbəki» qaçmaq eşitməmişəm. Bu nə olan şeydi? Dedilər bunu Qeyrət müəllim pul qoparmaq üçün səmərələşdirici təklif kimi irəli verib. Soruşdum ki, ay qızlar, bəs geri qaçmaq neçəyədir? Dedilər ki, onu bizə öyrətmirlər, axı o kişilərə aiddir!

- Nə dedin, kişilərə? Siz nə danışırsınız? Haçandan-haçana yadıma düşdü ki, həə... Qarabağ məsələsi... torp... sat... qaç hə, hə yadıma düşdü. Pa atonnan huşa bax ee.. deyirəm adamın nə tez yadından çıxır. Atalar düz deyib ki, torpaq hər heyi soyudur. Beş-on dəqiqəyə stadionu tərk edib, məktəbin binasına daxil oldum ki, içərinin ab-havasından hali olum. Və təsadüfən bir hay-küylə qarşılaşdım. Məktəbin direktoru (qadın idi) bir neçə hicab bağlayan qızın üstünə qışqırırdı:

- Sizə kim icazə verib ki, məktəbdə başı bağlı gəzəsiniz, camaat az qalıb tumançaq gəzsin (koridorda yarı çılpaq ora-bura qaçan qızları göstərir) siz isə özünüzdən fokus çıxarırsınız. Ya başınızı açın, ya gedin icazə kağızı gətirin, ya da...

... Stadiona qayıtdım. Qumbara atırdılar. 20 metrdən az atanlara Qeyrət müəllim «2» yazırdı. Soruşdum ki, nə əcəb qumbara atmağı qızlara öyrədirlər, oğlanlara yox? Dedilər, oğlanlara öyrətməyə qorxurlar. Axı onlar dəliqanlıdır, birdən öyrənərlər, qızışıb gedərlər Qarabağa, başlayarlar partizan dəstəsi düzəldib, Mİxaylo kimi ermənilərin «vajnı» obyektlərini partlatmağa. Olmaz axı... Ayıbdır axı... Atəşkəsdir axı... Kişi kimi söz vermişik axı... Qızlardan biri mənə dedi ki, ay əmi, deyəsən, jurnalistsiz, qəzetdən gəlmisiniz. Amma xahiş edirəm qeyrət müəllimdən pis şeylər yazmayasınız. Bir az pulgir olsa da, yaxşı adamdır, kişi adamdır. Kasıba əl tutandır. Həmişə idman dərsində kasıb qızların əlindən tutur, belindən tutur, elə vaxt olur ki, lap ayağından da tutur. Bax, o toppuş qızları görürsüz? Yazıq kişi, hər dəfə onları turnikə əlləri üstə qaldırır. Axı belə etməsə onun qonşu binada oxuyan qızına da idman dərsində kömək eləməzlər.

... 45 dəqiqə sona yetməkdə idi. Qeyrət müəllim qızları bir cərgəyə düzüb, özü də gəlib dayandı onların qabağında:

- Hə qızlar, mənim sözlərimin ritmi ilə hoppanmağa başlayın!

Kim nə de-yər biz-də olan qey-rə-tə,

Qey-rə-ti-miz bəl-li-dir hər mil-lə-tə.


Şəhərin «mer»inə halal olsun!

Şəhər həmin şəhər idi... İnsanlar da... Bəs hər yerdə hökm sürən qeyri adiliyin səbəbi nəydi? Anlaya bilmirdim. Bəlkə təbiət dəyişmişdi? Yox, o da öz rəngində, öz adiliyində görünürdü. İnsanların üzündəki, hüzn məni çaşqınlıqda qoymuşdu. Müharibə başlamışdımı? Özgə bir fəlakət baş vermişdimi? Qoşun-qoşun başıma gələn suallar cavabını almadan elə qoşun-qoşun da çıxıb gedirdi.

Dağüstü parkdan aşağı enirdim. Bütün şəhər ayaqlarım altındaydı. Gülüstan sarayına yaxınlaşırdım. Deyəsən toy idi. Ətrafda xarici maşınların əlindən tərpənmək mümkün deyildi. Adamların toya gəlməsi onların yalnız gözəl və bahalı geyimlərindən bilinirdi. Üzlərinin ifadəsi isə yasa gələnləri xatırladırdı. Bu qeyri-adiliyə marağım artmağa başladı. Gələnlər intizar içində idi. Deyəsən bəylə-gəlini gözləyirdilər. Nəhayət, vağzalı səsi eşidildi. Və gül-çiçəklə bəzənmiş «Limuzin» markalı maşın saraya yaxın yerdə saxladı. Əvvlcə bəylə-gəlin, sonra sağdış və soldış maşından düşdülər. Onların üzündəki sevinc bircə anda əridi, yox oldu. Mən başımı qaldırıb «Gülüstan» sarayının yanında çox böyük ölçüdə quraşdırılmış reklamı görüncə içim yandı. Və mənə hər şey aydın oldu. Reklamda ağ paltarda, başında «fata» gözəl bir gəlinin gözü qabağında ermənilər bəyin əl-ayağını bağlayaraq, qurbanlıq qoyun kimi başını kəsirdilər. İlahi, bu gördüklərim nə idi? Gerçəkdimi, ilğım idimi, başa düşə bilmədim. Bu reklamı bura kim vurmuşdu, nə səbəbə vurmuşdu?

Birdən-birə beynimə aşkarlıq gəldi. Hər şeyi anladım. Və şəhərin «mer»inə halal olsun dedim. Xeyirlə-şər həmişə qardaş olub. Evlənmək təbiətin qanunudur. Fəqət torpaqları əlindən gedən, kişilərinin papağı yerə soxulan, qızlarının namusu tapdalanan bir ölkədə toy-büsat qanunları əlbəttə ki, başqa zamanlardan fərqlənməlidir. Və birdən yadıma düşdü ki, axı, Aşura gününün axşamı, yəni İmam Hüseynin və 72 şəhidin qətlindən bir gün qabaq Həzrəti Qasimin də toyu olub.

Bəli, şəhərin «mer»inə halal olsun! - dedim. Bəy-gəlin, sağdış, soldış və musiqiçilər içəri daxil oldu. Qəribə idi ki, toya gələn adamlardan heç biri yerindən tərpənmədi. Onların arasında bir neçə nəfər çıxıb xarici maşınlara oturdu və hara isə sürüb getdi. Qayıtmaqları çox çəkmədi. Onlar özləri ilə beş-altı avtobus adam gətirdilər. Avtobusdakılar, yetim uşaqlar, kimsəsiz qocalar, aylarla çörək tapmayan insanlar idi. Nə yaxşı ki, dünyada yaxşılar var imiş. Nə yaxşı ki, dünya yaxşılardan xali deyilmiş. Onları içəri dəvət etdilər. Hamı ləziz yeməklər düzülmüş stolların arxasında oturdu. Toy başladı. Mən hələ belə toy görməmişdim. Bayırdakı adamların yalnız indi üzlərində təbəssümlər oynamağa başladı. Musiqi sədaları altında yetim uşaqlar rəqs edirdilər. Məmurlar şabaşları sel kimi onların başına töküb, deyirdilər «hamısı sizin». Hamı xoşbəxtlik içində idi. Hamı bəy-gəlinə səadət arzulayırdı. Oğul-qız arzulayırdı. Bu, ürəkdən gələn istəklər və arzular idi. Bu, həqiqətən, Allah-Təalanın eşidəcəyi diləklər idi. Bu, sərxoş olub deyilən tostlar deyildi. Bu, ac insan qəlblərinin dərinliyindən qopan səmimi sözlər idi. Bu arzulardan həyata gələcək körpə oğlan uşağı böyüyüb Vətən xaini, yaltaq, fərari ola bilməzdi. Bu arzulardan həyata gələcək qız uşağı namuslu, abırlı, kişi qeyrətli bir azərbaycanlı qızından başqa bir qız ola bilməzdi. Bəli, halal olsun bu reklamı düşünüb quraşdıran şəhərin «mer»inə. Ürəyim fərəhlə dolu idi. Keçirdiyim qeyri-adi hisslərdən, duyğulardan sanki sərməst idim. Bu bir cənnət sərməstliyinə bənzəyirdi.

«Azərbaycan» kinoteatrının yanına, «Fəvvarələr bağı»na gəlib çıxdım. Restoranların, barların bol olan yerinə. Maraq xatirinə onlardan birinə girdim. Burda da qeyri-adilik idi. Bir tərəfdə varlı adamlar yeyib içirdi. O biri tərəfdə isə fəqir-füqəra. Amma hamının yeməyi eyni idi, hamının içdiyi eyni idi. «Ofisiant»dan soruşdum ki, qızım, bəs onların yeməklərinin pulunu kim verəcək? Dedi, həmin varlı adamlar tərəfindən ödəniləcək. Fəqirlər onların dəvəti ilə gəliblər. Bizim restoranının qanun-qaydalarını divarlarda asılan lövhələrdə oxuya bilərsiniz. Oxudum, çox qəribə idi. Orada belə yazılmışdı: «Restorana gələn hər bir varlı adam özü ilə iki kasıb gətirməlidir, əks təqdirdə restorana buraxılmır». Əcəb qanundur. Şəhərin «mer»inə halal olsun! - dedim. Restoran son dəbdə tikilmişdi. Amma divarlarda həmişəki reklamlar gözümə dəymirdi. Yarı çılpaq qızlar, nə bilim nələr... nələr...nələr... Onların yerinə peyğəmbərin yemək haqqında dediyi kəlamlar yazılmışdı. «Fəvvarələr bağı»nın dövrəsindəki xarici siqaret, «Koka-kola», «Fanta» və bu kimi reklamlar götürülmüş və onların əvəzində müharibədə dağıdılmış kəndlərimizin rəsmləri çəkilmişdi.

Gənclikdəki meydanda qurulan reklam adamı dəhşətə gətirirdi. Reklamın adı «Xocalı müsibəti» idi. Ətrafda olanların hamısına bir-bir nəzər salırdım. Hər kəsin üzündə dərin intiqam hissi duyurdum. Varlının da, yoxsulun da, alverçinin də, kabab satanın da... Reklamda çəkilən, ermənilər tərəfindən süngülərə keçirilmiş körpələr insana intiqamdan qeyri bir hisslər gətirə bilməzdi. Gəncliyin yanacaqdoldurma məntəqəsi tərəfdə, xarici maşınların satılan yerində çox qəribə bir reklam gördüm. Gərək ki, əvvəllər burda amerikan Kovboyunun dodağında «Kemel» siqareti olan reklam var idi. İndi isə bu reklam cərgə ilə bir-birinin yanında oturmuş bizim əlsiz-ayaqsız müharibə əllillərimizin təsviri ilə əvəz olunmuşdu. Və üstündə belə yazı var idi: «Xarici maşın alan hər kəs, bir müharibə əlili üçün Almaniyada istehsal olunmuş əlil arabası almalıdır, əks təqdirdə maşınlar satılmır». Şəhərin «mer»inə halal olsun dedim. Mənim nəzərimi cəlb edən qeyri-adi heylərdən biri də  restoranların girişində qoyulan çox nəfis şəkildə düzəldəilmiş qutular idi. Bunların üstündə belə yazılmışdı: «Müharibə əlillərinə kömək edən hər bir şəxs bilməlidir ki, onun sağlam olan əli, qolu, ayağı həmin əzalarını itirən əlillərin hesabınadır». Şəhərin «mer»inə halal olsun! – dedim.

Mərkəzi küçələrin biri ilə getməyə başladım. Mağazalar, restoranlar bir-birini əvəz etdikcə «Fudçi film» yazılan bir şəkil çəkilən yerin qarşısında dayandım. Girəcəkdə asılan reklam nəzərimi cəlb etdi. Reklam belə idi: «Əsil kişilər burda şəkil çəkdirir». Maraqlanıb içəri girdim. Gördüm çox nazik tellərlə havadan bir kişi papağı asılıb. Şəkil çəkəndən soruşdum ki, bu nə məsələdir? Dedi ki, bizim aparat şəkli kompüter sistemi ilə çəkir. Yəni, bu papağın altına girib şəkil çəkdirən adam əsl kişidirsə, şəkli başı papaqlı çıxır, əsl kişi deyilsə, şəkli başı ləçəkli çıxır. Çox qəribə aparatdır – dedim. Pay atonnan, texnikaya bax a! Heç kişi ilə nakişini bir-birindən ayıran aparat Şəkil çəkəndən soruşdum ki, heç indiyə kimi başı papaqlı bir şəkil çıxıbmı? Dedi son bir ildə minə yaxın əkil çəkdirən olub. Onlardan ikisinin şəkli papaqlı çıxıb. Qalanları isə ləçəkli. Onları atmışam arxivə. Bir də əlavə etdi ki, yuxarılardan gələn əmrə görə, 1999-cu ilin sonuna qədər bütün «Füçi film»lər bu aparatdan alacaq.

Və bütün şəkillər şüşələrə vurulacaq. Dedim onda həmin adamlar biabırçılıqdan Bakını tərk eliyib gedər ki?! Dedi, yəqin məqsədləri əsl kişiləri aşkar eləməkdir. Axı söz-söhbəit var ki, ermənilər yenidən müharibəyə başlamaq isləyirlər. Ona görə də onların qabağına çıxmaq üçün kişiləri saf-çürüu eləyirlər ki, atəşkəsdən əvvəlki kimi xainlər, torpaqsatanlar olmasın.

Mərkəzi univermaqdakı reklamlar da maraqlı idi. Hər mərtəbədə koridorunun  tavanından iri hərflərlə yazılan belə reklamlar asılmışdı: «200 dollar qiymətində kostyum alan hər kəs, əlavə olaraq bir yetim uşaq üçün 20 dollarlıq pal-paltar almalıdır». Şəhərin «mer»inə halal olsun! - dedim.

Yanaqlarımı yandıran isti göz yaşları, bayaqdan bəri gözlərimin önündəki ilqımları sahilə çırpılan dalğalar kimi sildi.


İt günündə

Dilimizdə itə bağlı çoxlu ifadələr işlənir. Məsələn «it günündə yaşayırıq» «it yiyəsini tanımır», «it itin aağını basmazh» «itin yadına daş salma», «it aparan olsun» və s. Güzəranımız itin güzəranına yaxınlaşdıqca, bu ifadələr leksikonumuza daha çox daxil olur. Və «it insanın dostudur» deyimi, tədricən «İt Azərbaycan xalqının günüdür»ifadəsinə çevrilir.

Bütün bu fikirlər məni «it günündə» rədifli bir şer yazmaq ehtiyacında qoydu. Və yazdım.

Dövrə ümid eylədik, dövran da it günündə,

Alim də it günündə, nadan da it günündə.

Şer geniş oxucu kütləsi tərəfindən bəyənildi. «ANS» televiziyasının «Qulp» verilişi tərəfindən lentə alındı. Amma efirə nə vaxt gedəcəyi barədə məlumat verilmədi.

Dəfələrlə özümə söz verirəm ki, yazanda ağlıma gələni yazım. Yazıb qurtarandan sonra görürəm ağlıma gələni yox, ağzıma gələni yazmışam. Özü də məhkəmələrin belə fəqan etdiyi bir dövrdə. Bu şer kasıblar tərəfindən  bəyənilsə də dövlətlilər və özünü dövlətli kimi göstərmək istəyənlərin heç də xoşuna gəlmirdi.  Çünki mən orada ucdantutma hər şeyin və hamının it günündə olduğunu yazmışdım. Dediyim odur ki, qabağından yeməyənlər ki var (bir azdan onların da qabağında boş qabdan başqa bir şey qalmayacaq) onların məni məhkəməyə verəcəklərindən qorxurdum. Deyə bilərdilər ki, sənin ixtiyarın nədir ucdantutma hamını it gününə salasan. Hələ alimlərin çoxunun xəbəri yoxdur ki, mən onların təkcə güzəranlarının yox,  alimliklərinin də it günündə olduğunu  nəzərdə tutmuşam. Mənə müdafiə şansı verən son beytim idi ki.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Pünhanın günündə, Pünhan da it günündə.

deməklə bütün təhqirləri öz üzərimə götürdüm. Mən başıbəlalı hardan biləydim ki, məni məhkəməyə elə bu beytin üstündə verəcəklər. Onu yazanda əlim quruyaydı!

Mənim Ankara şəhərində Nazim Geray adlı bir dostum var. Çox imkanlı adamdır. (Mənim kasıb olmağımın   məsələyə dəxli yoxdur) Bir neçə il bundan əvvəl dostumun qonağı oldum. Onun heyvanlara olan dərin rəğbətini eşitmişdim, amma görməmişdim. Gördüm. Nazim bəy didərgin, sahibsiz itləri hər gün  yeməklə təmin edirdi. Uzun illər idi ki, bu artıq onun üçün vacib bir işə çevrilmişdi. Mən bunun şahidi oldum və bir ay ərzində bu vəzifəni demək olar ki, özüm yerinə yetirdim. Yeməklərin bişirilməsi üçün ayrıca mətbəx, ayrıca qab-qacaq var idi. Onlar yalnız pişiklərə və itlərə aid idi. Gecələr qablara xörək töküb düşürdük şəhərin küçələrinə və bu qabları itlərin illərdən bəri öyrəndikləri yerlərə qoyurduq. Xörəklərin ərzağını «Ulus» adlanan yerdən alırdıq. Bura ən böyük ticarət mərkəzi idi. İtlərin ərzağı çox vaxt əti farş üçün çıxarılmış toyuqlardan və mal dilindən ibarət olurdu. Günlərin bir günü qayıdıb ona dedim ki, Nazim bəy, bilsəniz, Azərbaycanda bu it xörəyinə möhtac nə qədər insan var, onlara kömək əli uzatmaq, sizin itlərə etdiyiniz yardımdan daha ali olmazdımı? O mənə cavab verdi ki, mən sahibsiz, didərgin itlərə yemək verirəm. Çünki onlara hökumətdən  ayrıca yardım ayrılmır. Yurd-yuvasından didərgin düşmüş insanlara isə yerli hökumət və həm də dünya ölkələri tərəfindən yardım göstərilir. Dedim: bəs siz necə nail