Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!

ÜMUMİ BÖLMƏ

   ▪ Ana səhifə

   ▪ Layihə haqqında

   ▪ Baba Pünhan forumu

   ▪ Əlaqə

ƏSƏRLƏRİ

   ▪ Mən nə dedim ki?!

   ▪ Acı həqiqət

   ▪ Yalan çeyniyə-çeyniyə

   ▪ Tərcümələr

   ▪ Şairin səsi

BABA PÜNHAN

   ▪ Həyatı

   ▪ Foto-albom

   ▪ Xatirələr

 

Baba Pünhan. Acı həqiqət

Çumur-çumur adın nədir?

Ona bir quş

Yazdıqca Pünhan dəf kimi

Dolayıb rus bizi

Ağsaq ayaqnan sürürük

Tazə «hop-hop»namə gəlir

Namusa vicdana tüpür

Qurban kəsginən

Ünvanı, o ünvan deyil

Gəz istiqamətində

Qır qazanında

Olub arvad bu ki?!

Üzdə  «şram» gözlənilir

Məni dəryaya qoymurlar

No... olub ala?!

Mərmər sinə göstər

Badımcan olduğundandır

İblisə «sud» etməliyəm

Tərif elə

Mən bu cahana sığmazam

Oyna, gülüm oyna!

Məhşərlə tamam olmalıdır

Əşara görəydi

Budur ölsəm kəfənim

ŞERLƏRİ

Çumur-çumur adın nədir?

Gələn gəlir, gedən gedir, çumur-çumur adın nədir?
Qalan nədir, gedən nədir, çumur-çumur adın nədir?

Həyat ki «Səndə-Məndə»dir, ya səndədir, ya məndədir,
Nədən bəs hamsı səndədir, çumur-çumur adın nədir?

Quru odunda yaş yanıb, üzük itibdi qaş yanıb
Qurum çökür ocaq sönür, çumur-çumur adın nədir?

Yalanı tərif eylədim, olanı təhrif eylədim
Bu qarnım ac, əlim xəmir, çumur-çumur adın nədir?

Uduzdu, məncə udmadı, yanında idi, tutmadı
Kəsildi yoxdu səs-səmir, çumur-çumur adın nədir?

Külək gözündə qum salıb, səni zəmanə mum salıb,
Adın nə idi? Daşdəmir, çumur-çumur adın nədir?

Maaş pulu gedir yola, yemək güdür yazıq bala
Bir aydı barmağın əmir, çumur-çumur adın nədir?

Zaman-zaman içib qanı, bu qanla saxlayıb canı
Bax, indi də canın güdür, çumur-çumur adın nədir?

Qızıl dirək qəsrdədir, o qız-gəlin əsirdədir,
İgidlərin qəbirdədir, çumur-çumur adın nədir?

Cahan yetir nəhayətə, zaman çatır qiyamətə
Mələk enib sual edir, çumur-çumur adın nədir?

Baba, günahla oynama, günah içində qaynama
Keçir ömür, gəlir Əmir, çumur-çumur adın nədir?

24 aprel 1997. Bakı.

Ona bir quş

Öz nəfsinə dünyada kim uymuş – ona bir quş,
Qonşu ac ikən, badə edər nuş – ona bir quş.

Kim xalqına bir parça çörək versə, oğuldur,
Vəd ilə edər, kim onu bihuş – ona bir quş.

Millət təmiz olmaz, qatıla zatına aşqar,
Şirin südə vursan mayanı turş – ona bir quş.

Hər kim ki, qiyamət gününə şəkk eləyibdir,
Allahı atıb, iblisi tutmuş – ona bir quş.

Quşlarda niyabətli olub, daima bayquş,
İnsanda ola xisləti-bayquş – ona bir quş.

Ənlik ilə kirşan, qadın üçün olub icad,
Kim kipriyə bir bankə vurar tuş  – ona bir quş.

Pünhan elə dost axtar özünçün sənə layiq,
Dostun sənə olmazsa əgər tuş – ona bir quş.

20 avqust 1997. Bakı.

Yazdıqca Pünhan dəf kimi

Yeddi nəslinçün yaratdın gün-güzəran dəf kimi,
Bilmədin bir gün əsəbdən partlar insan dəf kimi.

Zalim üçün züy tutub məzluma çaldırdın çəpik,
Məhbusa vurdun təpik, səs-küylü zindan dəf kimi.

Mən şəhid övladıyam bir kimsəsiz sərgərdanam,
Məskənim gündüz küçə, axşam xiyaban dəf kimi.

Mən xəzinə üstə yatmış kürzələr yurdundanam,
Şükr ilan yox, insanam şəffafdı vicdan dəf kimi,

Ailə-podrat üsluynan hamı barmaq əmir,
Neftçi Qurban it günündə, şef Amerkan dəf kimi.

Rüşvətin təhsildə gördüm ən böyük bir rişəsin,
Rişələndikcə bağı ömr etdi bağban dəf kimi.

Ağ yalanlar zurnalarnan çatdırıldı millətə.
Zurnalandıqca yalan əl çaldı nadan dəf kimi.

Gir bu məktəblərdə, kolleclərdə «idman» dərsinə,
Qızlara «jim» öyrədir, bir erkək aslan dəf kimi.

Hər güzəştə üz vurunca, üzdə heç üz qalmadı,
Zərbələr gumbuldadı dartdıqca Vartan dəf kimi.

Müstəqillikdən mənə «kastillər»imdir yadigar,
Bir də astardan ibarət milli yorğan dəf kimi.

Susdurun Pünhanı, sussun, pozmasın atəşkəsi,
Get-gedə millət coşur, yazdıqca Pünhan dəf kimi.

9 avqust 1999. Bakı.

Dolayıb rus bizi

Sən bizə bir gün nəzər et, pus bizi,
Barmağına lap dolayıb rus bizi.

Ya bizi gəl həzm elə birdəfəlik,
Həzm edə bilmirsən əgər qus bizi.

Qız-gəlin oldu dığanın kuklası,
Soxdu yerə bir belə namus bizi.

Rus da müsəlman olacaq bir zaman,
Bağlayacaq Mehdi, həm İsus bizi.

Ta ki yerə enməsə Allah özü,
Bəndə yetirməz düzə əfsus bizi.

Getdi şəhidlərlə təmiz qanımız,
İndi yaşatmaqdadı virus bizi.

Tazə gələn «era»da biz qalibik,
Təsdiq edib Nastradamus bizi.

Cəhd elə, Pünhan, düzü aşkar demə,
Güdmədədir bir neçə dəyus bizi.

15 aprel 1997, Bakı.

Ağsaq ayaqnan sürürük

Bu ömür yollarını yaxşı soraqnan sürürük,
Başımız üstə çəkic, əldə oraqnan sürürük.

Çörəyin qiyməti artdıqca alanlar azalır,
Azalan çoxları beş metrəlik ağnan sürürük.

Səhər idman edirik, axşama reklam yeyirik,
Qarnımız olsa da ac ömrü maraqnan sürürük.

Mindiriblər bizi axsaq ulağa – yol gedirik,
Bu çətin yolları biz axsaq ayaqnan sürürük.

Ölkəmiz bir gəmidir, Azərbaycan gəmisi,
Hələlik fittəyirik, qorxma qıraqnan sürürük.

Mən dedim halıma yan, mən demədim dalıma min,
Günümüz kölgələnib, səmti çıraqnan sürürük.

Pünhanam qəddimi sındır, qələmim sındırma,
Şairik ömrümüzü biz də varaqnan sürürük.

25 noyabr 1996. Bakı.

Tazə «hop-hop»namə gəlir

Sevinin ölkəmizə gündə neçə namə gəlir,
Unudub aclığı ellər toya, bayrama gəlir.

Səni göz ilə doyan görmüşəm, ey dil, nə qəmin,
Hələlik naməni nuş et, dalı «Şahnamə» gəlir.

Nədir ağzın bu xəbərdən sevinib gülməyəsən,
Səhəri yağlı dubinka arıq əndamə gəlir.

Şairin yaltağı, yaltaq itə bənzərli olur,
Baxır ətsiz sümüyə, iştahı ilhamə gəlir.

İndi Babək diyarı bolluca yaltaq yetirir,
Mavi ekranımıza hər gündə bir əllamə gəlir.

Otur oc qarnına, Pünhan, hələlik namə oxu,
Gələcək əsrimizə tazə «hop-hop»namə gəlir.

14 yanvar 1997. Bakı.

Namusa vicdana tüpür

Sənə bir məsləhətim var yıxıl öl, canə tüpür.
O təqaüdlə gələn, bir-iki şirvana tüpür.

Üst-başından bilinir evdəki yorğan-döşəyin,
Cırıq ədyala bürün, cıqcığa yorğanə tüpür.

Nə qazın var, nə suyun, hər gecə şamdan işığın,
Gündə «kontakt» eləyən məftilə, cəryanə tüpür.

Sənə də məsləhətim var sən ey imkanı olan!
Xeyirin yoxdusa xalqa, belə imkanə tüpür.

Qohumu qardaşı yığ get ABŞ-a, Türkiyəyə,
Çoxu tək sən də «qədim» Azərbaycana tüpür.

Şvedin banginə pul qoy, şvedə xeyri gələ
Qaçqının eylədiyi ah ilə əfqanə tüpür.

Qarabağı əgər alsaq, sənə mən zəng vuraram,
Hələlik kefini çək, namusa-vicdanə tüpür.

Yola sal oğlunu Antaliyada kef eləsin,
Bizim əsgər gedən ol, xəsteyi-nalanə tüpür.

Sonu çatmaqda olan İblisə lənətlər oxu,
Əli altındakı, Pünhan, dəli şeytana tüpür.

7 iyul 1997. Bakı.

Qurban kəsginən

Sən, ey imkan sahibi, bir paçkə «şirvan kəsginən»,
Alginən üç-dörd qoyun, bayramda qurban kəsginən.

İsmayıl qurbanıdır bu, qoç kəsib qanın axıt,
Bir də bu torpaqlar üstə, axmasın qan kəsginən.

Binəva qaçqınlara köçkünlərə, bikəslərə,
Hər cür imkansızlara ət payla, ehsan kəsginən,

Gərçi nazirsən, kəsib qurban yedirtmə nazirə,
Nazirin qurbanlarıyçün bir cüt heyvan kəsginən.

Niyyət et, mıxlandığın ustul da mıxlansın yerə,
Laxlasa ustul əgər, heç olmaz imkan kəsginən.

Hər günün bir hökmü var, «Məhşər»də hər gündən biri,
Gəlməmiş Sahib-Zamandan hökmü fərman kəsginən.

Pünhanın dildən səvayı kəsməli yox heç nəyi,
Kəs, o qurbandır sənə, ancaq ucundan kəsginən.

15 may 1996. Bakı.

Ünvanı, o ünvan deyil

Yüksələn alçaqların yüksəlməsi nöqsan deyil,
Xisləti alçaq olan, alçaqlığa peşman deyil.

Sən çalış Cənnətməkanın daimi Sultanı ol,
Bu fəna dünyada heç kim daimi sultan deyil.

Bir şahım yox, amma Şirvanşahların nəslindənəm.
Mən nə Şirvanşahəm, ey dil, qismətim şirvan deyil.

Çox hənalar görmüşəm İranda mən, Turanda mən,
Leyk bu özgə hənadır, bu həna ondan deyil.

Səd heyf, mədh etdiyin insanları səhv salmısan,
Eynidir soy-adları, ünvanı, o ünvan deyil.

Üstünə yorğan çəkib, bərk uydurublar milləti,
Ağ kəfəndir, qafila, üstündəki, yorğan deyil.

Səs verin Sahib Zamana, şur ilə Qaim deyin,
Ondan özgə kimsə bu haqsızlığa dərman deyil.

Babu-Kubəm, babu-Kəbəmdən alıb öz səmtini,
Kubə Kufə, Kəbə olduğu pünhan deyil.

Sabira, səbr et dedin Pünhana hər müşkül ola,
Tapdananda namus, ar səbr eyləmək asan deyil.

24 iyun 1998. Bakı.

Gəz istiqamətində

Tutub yolun hər insan  – öz istiqamətində,
Həris dolayı, məzlum – düz istiqamətində.

Həyat dərin bir ümman, qasırğa xofu hər an,
Ədaləti mayaq et – üz istiqamətində.

Dilin xətası olmur, nədən çörək yeyəndə?
Fəqət xətası çoxdur–söz istiqamətində.

Xuda bilir biləndir, bilir nədir, nədəndir,
Odur bəlavü dərdə – döz istiqamətində.

Qırıldı düşdü pərdə, hədəf göründü mərdə,
Məqamıdır alov saç – tez istiqamətində.

İtər qarada ağ da, yolun azar klaq da,
Batırmasan ulağa – biz istiqamətində.

Baba yoxdu sözün tut, xətasın at, düzün tüt,
Çalış onun özün tut, gəz istiqamətində.

14 iyul 1997. Bakı.

Qır qazanında

Bir gün yanacaqsan fələyin «qır qazanında»,
Heç çıxmayacaq zərrəcə cınqır, qazanında.

Az küfrü olanlar yanacaq cumbulusunda,
Xalqın talayan zırramalar, zır qazanında,

İnkir olacaq «pastavoy»un, Minkir odunçun,
Minkir salacaq altuva gur-gur qazanında.

Söykəndin ona durdun üzə məhkəmələrdə,
İndi kişisən söykən ona, dur qazanında.

Çox hazıra nazirlik edibsən, fəqət indi,
Hər şey olacaq nazirə hazır qazanında.

Əvvəl qazanında tikələr, küftələr idi,
Qismət sənə qır oldu, o axır qazanında.

Pünhan o behiştin deşiyindən səni izlər,
Görsün salacaqsan necə zır-zır qazanında,

10 dekabr 1997. Bakı.

Olub arvad bu ki?!

Qalıb işsiz bu kişi, hər gün işi dad bu ki,
İşinə yad düzəlib, öz işinə yad bu ki.

Bu kişi Xan kişi idi, tanıyırdım mən onu,
İtirib iksini də lap olub arvad bu ki.

Qurtuluşdan sonra qurtuldu həyatdan çoxusu,
Niyə şad olmadı millət, əcəb imdad bu ki?

Bakıya qaçdı atın üstə Məlikməmməd tək,
Mülki–Məmməd kimi indi çıxarıb ad bu ki.

Aparıb başımı boş-boş danışıqlarla mənim,
Ay aman getdi başım, sən demə, cəllad bu ki.

Necə rüşvətxora qıysın, ona qaldırsın əlin?
Bakıda rüşvətə qoymuş özü bünyad bu ki.

Baba Pünhan Dədə Qorquda həmyaş dedilər,
Yaşı qırx doqquz olub, surəti həştad bu ki.

30 iyun 1997. Bakı.

Üzdə  «şram» gözlənilir

Zaman ötdükcə halaldan da haram gözlənilir,
Belə minval ilə bir dambadaram gözlənilir.

Milli Məclisdə sözün qiyməti batman görünür,
Elə ki, sözdən əməl doğdu, qram gözlənilir.

Nə qurub erməni NATO-da yenə, yoxdu bilən,
Qoşunun sürsə bura, özgə dram gözlənilir.

«Ana» torpağı satıb, budasa torpaq alana,
Sarayı xırda gəlir, indi xram gözlənilir.

Tutumun yarpağı səbr ilə ipək olmadı heç,
Səbr ilə halva olan, abi-qoram gözlənilir.

Qəzetin qiyməti mindir, sözümün qiyməti heç,
Belə söz var ki, yaxınlarda param gözlənilir.

Səni, Pünhan, tutacaqlar, bunu çoxdan bilirəm,
«Yazacaqlar» üzünü, üzdə şram gözlənilir.

18 mart 1998. Bakı.

Məni dəryaya qoymurlar

Bu şeyda bülbülü qonsun küli-rənaya qomurlar,
Güli-rənanı gülsün bülbülü şeydaya qoymurlar.

Keçiblər malu dövlətdə Süleyman ilə Fironu,
Yetim qızlar həyat qursun ona sərmaya qoymurlar.

Cibində daş olanlar xalq adından daşlayar xalqı,
Cibində baş olan insanları icraya qoymurlar.

Çəkiblər arxaya min dörd yüz il İslamı cahillər,
Durum hərdən töküm bu hirsimi mollaya qoymurlar.

Amerikan, ingilis, iran, türk aldı bu torpağı,
Əlim, billah, toxunsun bir dənə əşyaya qoymurlar.

Vətən bağı gözəlləşdi gədalar bağda əyləşdi,
Bu sahillər özəlləşdi, məni dəryaya qoymurlar.

O qədri əhli-hal var ki, udub hər dərdi şəkkər tək,
Xəcalətdən susurlar, hər şeyi ortaya qoymurlar.

Bu qorxunc dövrdə, Pünhan, məni xəlqin əzabları,
Köçüm bu köhnə dünyadan, təzə dünyaya qoymurlar.

4 noyabr 1997. Bakı.

No... olub ala?!

Qatmısan sən gənə də malı-mala – no...olub ala?
Qazıyırsan ayağım altda çala – no...olub ala?

Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,
Qoymadın heç mənə bir metrə qala – no...olub ala?

Dövri-zastoyda sən idin, demə, bar-bar bağıran,
Bir qoyundan azı beş-altı bala – no...olub ala?

Arvadın orda əsirlikdə qalıb ermənidə,
Gətirirsən evinə gündə «Xala» – no...olub ala?

Görmədim bir elə yas, süfrədə ehsan, mey ola,
Az qalıb toyda durub zurna çala – no...olub ala?

Neçə ildir ki, imarətlə ticarətdir işin,
Getmisən sən qabağa, mən də dala no...olub ala?

Gah məni, gah özünü, gah onu tərifləmisən,
Vurmusan gahi mıxa, gahi nala no...olub ala?

Bir kiçik daxma belə tikməyə yoxdur gümanım,
Çəkmisən hər yana importnu mala no...olub ala?

Nə əcəb «Qız qalası»ndan xəbərin yoxdu sənin,
Al onu, sal adına, qoyma qala – no...olub ala?

Pünhanın kəs dilini, çək bazara, as divara,
Gedəcək yaxşı pula, baxsa mala – no...olub ala?

7 dekabr 1996. Bakı.

Mərmər sinə göstər

Kimsən, nəçisən aç onu mindən minə göstər,
Onsuz ona, sənsiz sənə mənsiz mənə göstər.

Xəlqin pulunu çinnəkinən «çin evi» tikdir,
Çin səddi də çəkdir ona «çin»dən Çinə göstər.

Əl-qol itirən qəlbi yara qəhrəman üçün,
Ekranda çıxıb fors ilə mərmər sinə göstər.

Şeytan unudan bəd əmələ sən əməl eylə,
Şeytana papış tik, onu cüttə çinə göstər.

Hər şeydən əzəl insana öz cismi əzəldir,
Tək səhnədə yox, gəz onu tindən-tinə göstər.

Yandıqca papaqlar günə gün yandı qaraldı,
Getdikcə qurum çökdü tamam ağ günə göstər.

Gündəyməzə yandır deyə buddan yeməz idik,
Qaqıldasa buddan kasıb indi hinə göstər.

Pünhan, təzədən bir oyun açsa bizə «yan»lar,
Əcdadı obezyanı gedib Darvinə göstər.

3 yanvar 2000. Bakı.

Badımcan olduğundandır

Üzün daim gülür, bu xoş güzəran olduğundandır,
Cibində paçkələrnən yəni şirvan olduğundandır.

Ölür qonşun acından, sən imarət tikdirirsən hey,
Belə hündür bina tikmək qudurğan olduğundandır.

Qudurmaq köhnə adətbir bizim millətdə neyçünsə,
Belə hündür bina tikmək qudurğan olduğundandır.

Qudurmaq köhnə adətdir bizim millətdə neyçünsə,
Qudurğan olmağı məncə müsəlman olduğundandır.

«Semaşko»da ayaq kəsmək, ilahi əlli şirvandır,
Ayaq qoymaq deyil mümkün ki, milyan olduğundandır.

Mənə tən etmə, ey dostum, belə rəngi qarayam mən,
Qaralıq süfrədə hər gün badımcan olduğundandır

Acından ölsə də millət susur, dinmir, dözür yazıq,
Dözümlər qəlbdə xox ilə xortdan olduğundandır.

Əgər şerim zəif olsa mənə tən etməsin dostlar,
Zəiflik xəstə Pünhanın yarımcan oduğundandır.

27 avqust 1996. Bakı.

İblisə «sud» etməliyəm

Ta canım cismdə var həqqə qunut etməliyəm,
Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.

Qələmimdən saçılan odlu qığılcımlar ilə,
Yandırıb çoxlarını sonra sükut etməliyəm.

Neçə illərdi yazıq xəlqə əzablar verilir,
Əvəzin çıxmalıyam, sanma unut etməliyəm.

Hansı namərd ki, qıyıbdır anamın göz yaşına
Əlimə keçsə onu butreburut etməliyəm.

Bu qədər milləti İblis belə ağlar ki, qoyub,
İmamım Məhdi ilə İblisə «sud» etməliyəm.

Gəlin iymanə dinə, Pünhana səs gəldi yenə,
Çıxacaq yaxşı güeə xəlq, umud etməliyəm.

9 noyabr 1997. Bakı.

Tərif elə

Əvvəli təhrif, sonu tərif elə,
Əmr kimindir, onu tərif elə.

Yadlara atma, tutularsan nahaq,
Doğmaya at, patronu tərif elə.

Tərif əzəldən bizə ləzzət verib,
Məmmədi pislə, Conu tərif elə.

Doğruya, tonlarla «klin» vurmuşuq,
Vur yenə killin, tonu tərif elə.

Can bizə lazım deyil əsla, belə,
Canda donub qan, donu tərif elə.

Bəzmi-Füzuli Bakıda təkdi, tək,
Sal yada hərdən bunu, tərif elə.

Axırı, Pünhan, qoyunu qurd yedi,
Qurda de əhsən yunu tərif elə.

16 iyun, 1997, Bakı.

Mən bu cahana sığmazam

Məndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,
Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.

Çox yeri dar etmişəm, yardımı var etmişəm,
«Axçini» yar etmişəm, təxtə divanə sığmazam.

Torpağı ta itirmişəm, şəhrə pənah gətirmişəm,
Mərdəkanı bitirmişəm, dinə-imanə sığmazam.

Haram mənim, halal sənin, bəhər mənim zaval sənin,
İynə mənim, çuval sənin, çıxsa əyanə sığmazam.

Salmışam hər yana bina, qandan əlimdə var həna,
Burdan o yana bir yana, burda bu yanə sığmazam.

Əcəm düçar olub yasa, leyk nicat var hardasa,
Haqq zamana sığmasa, mən bu cahana sığmazam.

Həm Baba, həm də Pünhanam, Adəm atamla bir canam,
Həqq dağında vulkanam, bil ki, nihanə sığmazam.

31 dekabr 1997. Bakı.

Oyna, gülüm oyna!

Oyna, bu elin dərdinə, oyna, gülüm oyna,
Sən oyna, mənim millətə qalxmır əlim oyna.

Susduqca bu millət dili ağzında tutuldu,
Dilləndi dilim dillərə dillən dilim oyna.

Yüngül havalar məsləki yüngüllər üçündür,
Oyna, bu ağır gündə mənim yüngülüm oyna.

Londonda, Parijdə kürümü erməni tıxsın,
Öz neftçisinə kilkə yedirdən gölüm oyna.

Susmuş Qarabağ bülbülü, qalmış qara bağlar,
Getmir ürəyimdən kədərim, nisgilim, oyna.

«Ruhani»ni dərddən dəli olmuş ana oynar,
«Divani»ni sən oyna elimlə zülm oyna.

Atəşkəsə getdik ki, yatanlar yata bilsin,
Məclisdə gözü bağlı qalan mürgülüm oyna.

Aldın bağımı, bağçamı, axır ki, əlimdən,
Röyalara döndü üzümüm, əncilim oyna.

Bir gün Xəzərim coşsa,  sular altda qalarsan,
Hər yerdə sənindir hələlik sahilim oyna.

Onlarla oyunbaz oyunun oynadı getdi,
Oyna, çıx oyundan ki, oyundan silim oyna.

Hər bir əməlin dəftərə mütləq olunur qeyd,
Son nöqtə çatınca gedəcək, vergülüm oyna.

Az qaldı qiyamət gününə, oyna «Hop-Stop»,
Məhşər günü sorğu-sualı müşkülüm oyna.

Sahib zaman ilə bitəcəkdir bu oyunlar,
Az qaldı tamam olmağa, onki ilim oyna.

Pünhan, Vətənin yadlar əlində, gəlin oldu,
Bir «Vağzalı» çal, mən də onunçün ölüm oyna.

20 aprel 1998. Bakı.

Məhşərlə tamam olmalıdır

Kişinin ağzı bütöv, söhbəti tam olmalıdır,
Kişinin bir sözünə, nakişi ram olmalıdır.

Quzu xalqın əlinə ver qələmi, ver qəzeti,
«Lotu»lar ölkəsinin, xəlqi avam olmalıdır.

«Milli çöplər» kabinetlərdə dönübdür kötüyə,
Kötüyə dönmək üçün, köklü adam olmalıdır.

Nazirin arvadı gündən-günə ennənməlidir,
Kasıbınkı əriyib, axırı şam olmalıdır.

Nə qədər iqtidar öz qeydinə qalmaqda qalır,
Bu Əcəm torpağının adı «Acam» olmalıdır.

Nə qədər milli vəkillər susaraq, əl çalacaq,
Uzun illər hələ işgəncə davam olmalıdır.

Yalvarın göylərə, gündüz-gecə «Qaim» çağırın,
İmamın gəlməyinə, çünki məqam olmalıdır.

Əcəmin taxtına Sahib Zamanım əyləşəcək,
O müqəddəs günə xəlqimdə inam olmalıdır.

Yeni dünyaya qədəm qoymadayıq, səbrini bas,
Gidi dünya isə məhşərlə tamam olmalıdır.

Baba, gəl haqqı deyib, keç kişilər cərgəsinə
Bu qurumda kişinin axırı dam olmalıdır.

23 sentyabr 1997. Bakı.

Əşara görəydi

Davam-dalaşım evdə bu ruzgara görəydi,
Pal-paltara, həm də bu uşaqlara görəydi.

Sellər aparaydı məni bu dərdin əlindən,
Dəryaya düşən yerdə məni Sara görəydi.

Şalvarımı tezdən geyib arvad işə getdi,
Qırğın da elə, bir dənə şalvara görəydi.

Çox kəslərin astarı son illər üzə çıxdı,
Rəbbin də elə fikri bu astara görəydi.

Ağla, oxu tarım, tükənib səbrü qərarım,
Müşfiq balamın qətli, «Oxu tar»a görəydi.

Biçarə anam bilmədi neyçün məni doğdu,
Dünyaya mənim gəlməyim əşara görəydi.

Nöqsanları Pünhan çıxarıb, üzlərə çırpdı,
Pünhana elin tənəsi aşkara görəydi.

22 avqust 1997. Bakı.

Budur ölsəm kəfənim

Elə bir kürsüdəyəm piylənir hər gün bədənim,
Handa bir enli kresloya da yerləşmir enim.

Pulu nazir diləmiş verməmək olmaz, ey dil,
Çoxu vallahi onundur, azı billahi mənim.

Nə qədər ki, tanımır öokədə it öz yiyəsin,
Uzun illər olacaqdır bu dəyirmanda dənim.

Mənim İblis keçirib əynimə əynimdəkini,
«Diri olduqca libasım budur, ölsəm kəfənim».

Demisən ki, mənə Allah eləyir hifz səni,
Səni Allah eləyir hifz, məni can güdənim.

Kimi xətrindi gəbərt, yox sənə onsuz da ölüm,
Şükr Quran ilə getmir bunu qanun edənim.

«O gözəl yerdə» ki, ilhamə gəlirdim gecələr,
Elə ilham ilə bağlandı o beytül-həsənim.

Sən durub yolların üstündə şəhid payı dilə,
Mən gəzim dolların üstündə gül açsın çəmənim.

Belə söz var ki, qiymət qopacaq birki ilə,
Düzə Allah olacaq yar, pisə Allah qənim.

Bu cahan iblisə, Pünhan, hələ ki, xidmət edir,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

1 fevral 1998. Bakı.

1 2 3 4 5 6 7 8 9

Geri Yuxarı İrəli

VƏTƏNDAŞ ŞAİR

Vətəndaş Şair

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.

...

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları bir-bir,    
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

...

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

...

Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

...

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Baba Pünhan © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.0.3 & TusiSoft